Tikinti haqqında

12.07.2012

2012-ci ilin birinci yarısında ölkənin tikinti kompleksində dinamik inkişaf davam etmiş, bütün maliyyə mənbələrindən əsas kapitala 5,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,6 faiz çox vəsait yönəldilmiş, onun 77,9 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 46,3 faizi məhsul istehsalı, 53,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,7 faizini təşkil etmişdir.
         Cari ilin ötən dövrü ərzində Bakı şəhərində "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi inşa edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda "Ayan Palace" oteli, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Balakən rayonunda Mazımçay üzərində yeni körpü və digər obyektlər istifadəyə verilmişdir.
         Bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 796,7 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik ümumtəhsil məktəbi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilmişdir.