Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupu ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini cənab R.Səlimovun görüşü haqqında

17.07.2012

2012-ci ilin 12 iyul tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini R.Səlimov "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"nın ölkədə icra vəziyyətinin monitorinqi və həmin Konvensiya üzrə Azərbaycan hökumətinin Avropa Şurasına təqdim etdiyi 3-cü Dövrü məruzəyə rəyin hazırlanması məqsədilə milli azlıqlarla bağlı vəziyyətə dair məlumatların əldə edilməsi üçün Azərbaycana səfər etmiş Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvlərini qəbul etmişdir.
Dövlət Statistika Komitəsi sədrinin müavini R.Səlimov ekspert qrupunun üzvlərini salamlamış və milli azlıqlarla bağlı qrup üzvlərini maraqlandıran məsələlərə dair sualları cavablandıracağını bildirmişdir. Ekspert qrupunun üzvü Anastasia Crickley səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Azərbaycanda 2009-cu ildə keçirilmiş əhalinin son siyahıyalınmasının nəticələri, yekun materiallarda milli azlıqlarla bağlı vəziyyətin öz əksini tapması və eləcə də, nəticələrə dair nəşr olunmuş materialların istifadəçilər arasında yayımlanması məsələləri barədə maraqlandırdığını qeyd etmişdir.
Komitə sədrinin müavini R.Səlimov tərəfindən Azərbaycanda 2009-cu ildə əhalinin siyahıyalınmasının BMT-nin və digər beynəlxalq təşkilatların tövsiyələri əsasında keçirildiyi və əldə edilmiş nəticələrə dair yekun materialların azərbaycan dilində 23, azərbaycan-ingilis dillərində iki cilddən ibarət məcmu şəklində nəşr olunduğu bildirilmişdir. Eləcə də, 19-cu cildin bütövlükdə milli azlıqlara (milli mənsubiyyət, ana dili, sərbəst danışdığı dil və s.) aid olunduğu qeyd edilmişdir.
Ekspert qrupunun üzvü Anastasia Crickley ölkənin müxtəlif regionlarında yaşayan milli azlıqların gəlirləri və həyat səviyyəsi barədə məlumatların onlara təqdim olunmasını xahiş etmişdir. Komitə sədrinin müavini R.Səlimov bu xahişə cavab olaraq Dövlət Statistika Komitəsinin respublikanın regionları üzrə əhalinin gəlirləri və həyat səviyyəsinə dair məlumatlara malik olduğunu və bu məlumatları ekspert qrupunun üzvlərinə təqdim edə biləcəklərini bildirmiş, lakin bu məlumatların milli mənsubiyyət üzrə ayrıseçkilik qoyulmadan toplanaraq regionlar və respublika üzrə ümumiləşdirildiyini qeyd etmişdir.
Görüşün sonunda Komitə sədrinin müavini R.Səlimov Dövlət Statistika Komitəsinin bütün tədbirlərini və layihələrini beynəlxalq təşkilatların tələbləri səviyyəsində və tövsiyələri əsasında həyata keçirdiyini, 2 il bundan əvvəl Qlobal Qiymətləndirmə missiyası tərəfindən Dövlət Statistika Komitəsinin fəaliyyətinin yoxlanılaraq müsbət qiymətləndirildiyini və yekun arayışın Avropa Statistika Bürosunun rəsmi internet səhifəsində əks olunduğunu qeyd etmişdir.
Sonda ekspert qrupunun üzvləri səmimi görüşə görə Komitə sədrinin müavini R.Səlimova öz minnətdarlıqlarını bildirmişlər.