Dövlət Statistika Komitəsi nümayəndəsinin Paris şəhərində keçirilmiş Əmək Statistikası üzrə regional iclasda iştirakı haqqında

24.07.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Nərminə Nəhmədova 2012-ci ilin 9-11 iyul tarixlərində Fransanın Paris şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı əmək statistiklərinin 19-cu Beynəlxalq Konfransı üçün Əmək Statistikası üzrə regional iclasda iştirak etmişdir.
Əmək Statistikası üzrə regional iclas Beynəlxalq Əmək Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təşkil edilmişdir. Regional iclasın əsas məqsədi Avropa və Mərkəzi Asiya ölkələri ilə texniki müzakirələrin aparılmasından ibarət olmuşdur.
İclasda 26 ölkənin (Azərbaycan, Albaniya, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, İspaniya, İrlandiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Norveç, Niderland, Rusiya Federasiyası, Sloveniya, Makedoniya, Moldova, Monteneqro, Tacikistan, Ukrayna) mütəxəssisləri, eləcə də BƏT, İƏİT, Avrostat, MDB təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İclasda gündəliyə uyğun olaraq, işçi qüvvəsinin və əmək statistikasının konseptual strukturu, işçi qüvvəsinin ölçülmə strukturu, məşğulluq, işsizlik, iqtisadi qeyri-fəal əhali (işçi qüvvəsinə aid olmayan şəxslər), işsizlik səviyyəsinin ölçülməsi, məşğulluğun və əməyin müxtəlif növləri, məlumatların toplanması, məlumatların mənbəyi, əlaqə və yayılması kimi mövzular üzrə geniş müzakirələr aparılmışdır.
İclasın ikinci günü Dövlətstatkomun nümayəndəsi Nərminə Nəhmədova Azərbaycanın Əmək bazarında ümumi vəziyyət barədə məruzə etmişdir. Məruzədə Əmək statistikası şöbəsinin hər rüb keçirdiyi "Əhalinin iqtisadi fəallığı"na dair seçmə müayinənin 2011-ci il üzrə yekunları haqqında (iqtisadi fəal əhali, məşğulluq, işsizlik, iqtisadi qeyri-fəal əhali, natamam məşğulluq) məlumat verilmişdir.