Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2012-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
2012-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.6 faiz, yaxud müqayisəli qiymətlərlə 476.5 milyon manat artaraq 30.8 milyard manata çatmışdır. ÜDM-in 67.4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 52.3 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.5 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.5 faiz, o cümlədən nəqliyyatda 4.9 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.5 faiz təşkil etmişdir. ÜDM-in 6.1 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3364.7 manat (4280.9 ABŞ dolları) təşkil edərək 0.2 faiz artmışdır.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.5 faiz artmış, neft sektorunda isə 6.0 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük paya malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 20.3 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və iyul ayında sənayedəki geriləmə bir qədər ixtisar edilərək ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz təşkil etmişdir. Məhsulun 76.8 faizi mədənçıxarma bölməsində, 17.9 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4.8 faiz azalmış, emal bölməsində 10.3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 5.0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3.1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.3 faiz artmış, neft sektorunda isə 4.7 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 25.8 milyon ton, əmtəəlik qaz hasilatı 10.3 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 4.1 faiz, içki istehsalı 8.7 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2.0 dəfə, geyim istehsalı 31.0 faiz, poliqrafiya fəaliyyəti 2.0 dəfə, rezin və plastik məmulatlar istehsalı 3.1 dəfə, tikinti materialları istehsalı 25.0 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 12.4 faiz, hazır metal məmulatları istehsalı 1.8 dəfə, elektrik avadanlıqları istehsalı 2.5 dəfə, maşın və avadanlıqların istehsalı 1.6 faiz, sair nəqliyyat vasitələri istehsalı 14.2 faiz, mebel istehsalı 3.2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2.3 faiz artmışdır.
İlin yeddi ayında 12.2 milyard kv.saat, yaxud 9.4 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97.8 faizi, yaxud 973.8 min hektarı biçilmiş və həmin sahələrdən 2564.7 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 1.6 sentner artaraq 26.3 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 4.3 min hektar qarğıdalı sahəsindən 16.5 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 521.1 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18.1 min ton çox kartof, 713.5 min ton (4.0 min ton çox) tərəvəz, 162.7 min ton (18.0 min ton çox) meyvə və giləmeyvə, 295.3 min ton (12.7 min ton az) bostan məhsulları, 395.4 ton (57.3 ton çox) yaşıl çay yarpağı, 1.6 min ton, yaxud 401 ton çox tütün toplanmışdır.
Bu dövrdə 251.8 min ton, yaxud 2011-ci ilin yanvar-iyul aylarına nisbətən 3.5 faiz çox diri çəkidə ət, 1008.2 min ton (7.1 faiz çox) süd, 699.9 milyon ədəd (18.5 faiz cox) yumurta, 14.8 min ton (1.5 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7.7 faiz, heyvandarlıq məhsulları istehsalı 5.7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6.8 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 7.1 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 59.6 faizi və ya 4.2 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27.2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 26.9 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78.8 faizini və ya 5.6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 34.7 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Yeddi ay ərzində ümumi sahəsi 922.0 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5933.9 milyon manat vəsaitin 3046.7 milyon manatından istifadə edilmişdir.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2012-ci il iyulun 1-nə ölkədə 299,0 min yeni, o cümlədən 219,9 min daimi iş yeri açılmış, onların 58,2 mini, o cümlədən 40,4 min daimi iş yerləri təkcə 2012-ci ilin birinci yarısında yaradılmışdır. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 70.1 faizi regionlarda, 87.8 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 119.4 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.8 faiz çox yük, 887.1 milyon nəfər və ya 8.7 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11.1 faizi dəmir yolu nəqliyyatı, 53.5 faizi avtomobil nəqliyyatı, 6.4 faizi dəniz nəqliyyatı, 29.0 faizi boru kəmərləri ilə, sərnişinlərin 86.9 faizi avtomobil, 12.9 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 779.4 milyon manat dəyərində və ya ötən ildə olduğundan 18.5 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2012-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13.9 faiz artaraq 18.2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.3 faiz artaraq 1992.8 manata (orta hesabla ayda 284.7 manata) çatmışdır. Gəlirlərin 63.2 faizi son istehlaka, 8.8 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 8.3 faiz artaraq 384.5 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 591.6 manat, tikinti kompleksində 553.1 manat, nəqliyyatda 483.0 manat, rabitədə isə 615.8 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.3 faiz artaraq 9.6 milyard manata, pullu xidmətlərin həcmi isə 7.5 faiz çoxalaraq 3.0 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 56.5 faizini ərzaq məhsulları, 43.5 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.1 faiz və 22.8 faiz artmışdır.
2012-ci ilin yeddi ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 732.1 min manatlıq qeyri-ərzaq malları və 43.4 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-iyun aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 7.7 faiz azalaraq 17.2 milyard dollar təşkil etmiş, 90.3 faizi və ya 15.5 milyard dolları uzaq xarici dövlətlərlə, 1.7 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 12.7 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 12.2 milyard dolları uzaq xarici dövlətlərə, 537.6 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı altı ay ərzində sabit qiymətlərlə 6.2 faiz artmışdır.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 4.5 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 3.4 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.1 milyard dollar olmuşdur.
Altı ay ərzində 8.2 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 8.8 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 582.2 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 22.2 milyard dollar (o cümlədən ixrac 17.7 milyard dollar) təşkil etmiş, 7.0 faiz azalmış və saldo 13.2 milyard dollar olmuşdur.
Yanvar-iyun aylarında 17.1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Ölkədə dörd ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır. İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri iyun ayının səviyyəsində qalmışdır. Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.6 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 8.1 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 45.0 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 7.1 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 45.6 faiz çox vəsait xərclənmiş, 1024.8 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 4.0 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 41.7 faizi və ya 2961.3 milyon manatı iqtisadiyyatın inkişafına, 13.5 faizi, yaxud 956.4 milyon manatı sosial müdafiə və sosial təminata, 11.3 faizi və ya 805.6 milyon manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 23.9 faizi və ya 1697.8 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyul ayının 1-i vəziyyətinə 10.8 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 21.0 faiz artmışdır. Verilmiş kreditlərin 7.8 milyard manatı uzunmüddətli olmuş, 706.7 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 26.7 faiz artaraq iyul ayının 1-nə 4.4 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2.5 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 0.97 manat, 100 Rusiya rubluna 2.42 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.79, 1.01 və 2.55 manat təşkil etmişdir.
əlaqə tel: 538-93-76