2012-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.09.2012


2012-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.3 faiz, yaxud müqayisəli qiymətlərlə 434.7 milyon manat artaraq 35.1 milyard manata çatmışdır. ÜDM-in 67.3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51.9 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.8 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.5 faiz, o cümlədən nəqliyyatda 4.8 faiz, ticarət və pullu xidmətdə 8.2 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.8 faiz təşkil etmişdir. ÜDM-in 6.2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3838.4 manat (4883.4 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.7 faiz artmış, neft sektorunda isə 6.8 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 23.0 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.7 faiz təşkil etmişdir. Məhsulun 76.5 faizi mədənçıxarma bölməsində, 18.2 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5.5 faiz azalmış, emal bölməsində 8.9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 7.4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2.7 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.9 faiz artmış, neft sektorunda isə 5.4 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 29.4 milyon ton, əmtəəlik qaz hasilatı 11.4 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 3.3 faiz, içki istehsalı 11.5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2.2 dəfə, geyim istehsalı 32.0 faiz, poliqrafiya fəaliyyəti 1.9 dəfə, rezin və plastik məmulatlar istehsalı 3.0 dəfə, tikinti materialları istehsalı 22.7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 13.8 faiz, hazır metal məmulatları istehsalı 1.8 dəfə, elektrik avadanlıqları istehsalı 2.4 dəfə, sair nəqliyyat vasitələri istehsalı 19.4 faiz, mebel istehsalı 3.2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 16.1 faiz artmışdır.
İlin səkkiz ayında 14.0 milyard kv.saat, yaxud 10.2 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 99,7 faizi, yaxud 993,2 min hektarı biçilmiş və həmin sahələrdən 2616,2 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 1,6 sentner artaraq 26,3 sentner təşkil etmişdir. Bundan əlavə, məhsul toplanmış 13,4 min hektar qarğıdalı sahəsindən 58,6 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 706,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18,2 min ton çox kartof, 968,0 min ton (6,0 min ton çox) tərəvəz, 396,8 min ton (45,3 min ton az) bostan məhsulları, 331,4 min ton (35,6 min ton çox) meyvə və giləmeyvə, 31,6 min ton (7,6 min ton çox) üzüm, 395,4 ton (2,6 ton az) yaşıl çay yarpağı, 16,9 min ton (1,9 min ton çox) günəbaxan, 2,5 min ton (0,4 min ton çox) tütün toplanmışdır.
Bu dövrdə 295,5 min ton, yaxud 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 3,4 faiz çox diri çəkidə ət, 1145,8 min ton (7,0 faiz çox) süd, 794,1 milyon ədəd (19,5 faiz çox) yumurta, 15,0 min ton (1,6 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,6 faiz, heyvandarlıq məhsulları istehsalı 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,7 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 8.4 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 59.9 faizi və ya 5.0 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
2011-ci ilin yanvar-avqust aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 28.4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 28.3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78.9 faizini və ya 6.6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 34.6 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Səkkiz ay ərzində ümumi sahəsi 1067.9 min kv.metr yaşayış evləri, 720 şagird yerlik ümumtəhsil məktəbləri, 320 yerlik məktəbəqədər təhsil müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5949.1 milyon manat vəsaitin 3697.7 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında 140.8 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.8 faiz çox yük, 1033.0 milyon nəfər və ya 8.6 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.8 faizi dəmir yolu nəqliyyatı, 55.6 faizi avtomobil nəqliyyatı, 6.0 faizi dəniz nəqliyyatı, 27.6 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.4 faizi avtomobil, 12.3 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 898.3 milyon manat dəyərində və ya ötən ildə olduğundan 18.7 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.2 faizi əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2012-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13.4 faiz artaraq 21.4 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 11.8 faiz artaraq 2334.0 manata (orta hesabla ayda 291.7 manata) çatmışdır. Gəlirlərin 62.7 faizi son istehlaka, 8.6 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.9 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Cari il avqust ayının sonuna olan məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanına uyğun olaraq, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 547950 əmanətçiyə 257,2 milyon manat ödənilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 8.4 faiz artaraq 386.0 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 591.8 manat, tikinti kompleksində 557.1 manat, nəqliyyatda 488.2 manat, rabitədə isə 618.9 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin səkkiz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 11 milyard manata, pullu xidmətlərin həcmi isə 7.5 faiz çoxalaraq 3.5 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 56.3 faizini ərzaq məhsulları, 43.7 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.0 faiz və 22.1 faiz artmışdır.
2012-ci ilin səkkiz ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 851.7 min manatlıq qeyri-ərzaq malları və 53.4 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 10.2 faiz azalaraq 19.4 milyard dollar təşkil etmiş, 90.1 faizi və ya 17.5 milyard dolları uzaq xarici dövlətlərlə, 1.9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Yeddi ay ərzində ölkəmizdən xarici ölkələrə 14.1 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 13.5 milyard dolları uzaq xarici dövlətlərə, 618.1 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı yanvar-iyul ayları ərzində sabit qiymətlərlə 6.8 faiz artmışdır.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5.3 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4.0 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.3 milyard dollar olmuşdur.
Yeddi ay ərzində 8.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9.5 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 683.4 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 25.7 milyard dollar (o cümlədən ixrac 20.4 milyard dollar) təşkil etmiş, 7.6 faiz azalmış və müsbət saldo 15.1 milyard dollar olmuşdur.
Yanvar-iyul aylarında 19.5 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Ölkədə beş ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır. Avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.8 faiz, xidmət tarifləri 0.3 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri iyul ayının səviyyəsində qalmışdır. Eyni zamanda qiymət və tariflər səkkiz ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.5 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyul aylarında dövlət büdcəsinə 9.7 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 41.0 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 8.6 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 38.8 faiz çox vəsait xərclənmiş, 1.1 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3.5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 51.9 faizi və ya 4.5 milyard manatı iqtisadiyyatın inkişafına, 13.0 faizi, yaxud 1.1 milyard manatı sosial müdafiə və sosial təminata, 12.2 faizi və ya 1.1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 24.0 faizi və ya 2.1 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği avqust ayının 1-i vəziyyətinə 10.8 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 18.7 faiz artmışdır. Verilmiş kreditlərin 7.8 milyard manatı uzunmüddətli olmuş, 715.1 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 24.6 faiz artaraq avqust ayının 1-nə 4.4 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2.5 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.
Avqust ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 0.97 manat, 100 Rusiya rubluna 2.46 manat, yanvar-avqust aylarında isə müvafiq olaraq 0.79, 1.01 və 2.54 manat təşkil etmişdir.