Dövlət Statistika Komitəsi nümayəndələrinin Budapeşt (Macarıstan) şəhərində keçirilmiş "İnsan resurslarının idarə olunması və təlimi mövzusunda" beynəlxalq seminarda iştirakı haqqında

24.09.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Kadrlar şöbəsinin müdiri Arif Hüseynov və Baş məsləhətçi-hüquqşünas Səbinə Əhmədova 2012-ci il 5-7 sentyabr tarixlərində Avropa statistikləri konfransı Bürosunun təşəbbüsülə Avropa Azad Ticarət Assosiasiyası və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Budapeşt (Macarıstan) şəhərində insan resurslarının idarə olunması və təlimi mövzusunda təşkil edilmiş beynəlxalq seminarda istirak etmislər.
İnsan resurslarının idarə olunması və təlimi üzrə seminarda dünyanın 35 ölkəsindən (Avstraliya, Albaniya, Bolqarıstan, Böyük Britaniya, Belarus, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Makedoniya, Macarıstan, İrlandiya, İtaliya, Koreya, Litva, Latviya, Rusiya, Ukrayna və digərləri) statistika xidmətinin nümayəndələri iştirak etmişlər.
Seminarın keçirilməsinin məqsədi - insan resurslarının idarə olunması, onların inkişafı və təlimi sahələrində təcrübə mübadiləsi, işçi heyətinin idarə olunmasının yeni forma və metodlarının tətbiqindən ibarət olmuşdur.
Seminar mövzular üzrə ayrılmış sessiya formatında keçirilmişdir. İlk 5 sessiyada yeni statistik metod və texnologiyalar, işçi heyətinin strateji planlaşdırılması, rəhbər heyətin ixtisas səviyyəsinin artırılması, yeni əməkdaşların seçilməsi və təlimi, işçi heyətinin fəaliyyəti və inkişafının qiymətləndirilməsi göstəriciləri kimi mövzulara toxunulmuşdur. İşçi heyətinin inkişafının strateji planlaşdırılması məsələsində Sloveniya və Hollandiya təcrübəsi nümunə göstərilmişdir. Bildirilmişdir ki, strategiyanın (proqramın) olması işçi heyətinin effektiv inkişafının ayrılmaz tərkib hissəsidir. Qeyd olunan sənədlərin işlənilməsi zamanı yalnız milli standartları deyil, eləcə də beynəlxalq standartları da nəzərə almaq və onları balanslaşdırmaq mühüm şərtdir.
Seminarda büdcə vəsaitlərinin azaldılması şəraitində işçi heyətinin təliminin planlaşdırılması üzrə Makedoniya statistika idarəsinin təcrübəsi nümunə göstərilmişdir. Bildirilmişdir ki, bu nümunə özündə 2 tip təlimi - ümümiləşdirilmiş təlimi və ixtisaslaşdırılmış təlimi cəmləşdirən cavan əməkdaşlar üçün rəhbərlik (öndərlik) sistemidir. Ümümiləşdirilmiş təlim təşkilatın korporativ mədəniyyət üzrə bilgilərinə, ümumi qaydalara, təşkilatın qaydalarına, qanunvericilik bazasının öyrənilməsinə əsaslanır. İxtisaslaşdırılmış təlim statistik metodlar, standartlar və statistikanın sahələri üzrə bilgilərə əsaslanır. Cavan əməkdaşlar üçün bu proqramın icrası 6 ay davam edir.
Seminarda işçi heyətin seçilməsi, cavan əməkdaşların işdən azad edilməsi səbəbləri, müvəffəqiyyətlə çalışan əməkdaşların saxlanılması və motivasiyası mexanizmi məsələlərinə də toxunulmuşdur.
İşçilərin mənəvi həvəsləndirilməsinin tətbiqi formaları xüsusilə qeyd olunmuşdur. İdarəetmənin effektivliyini müəyyənləşdirmək üçün Almaniyada işçilər arasında liderlərin davranışları məsələsi üzrə anket müayinə sorğusu keçirilmiş və nəticədə işçilərin ali rəhbərliklə görüşü təşkil olunaraq bu anket müayinənin yekunları müzakirə olunmuşdur.
2-ci Plenar iclasda işçilərin təlimi və onların bilgilərindən istifadə, beynəlxalq statistikada distant (məsafədən) təhsilin formalarının və işçi heyətinin seçilməsi zamanı qeyri-standart üsulların tətbiqi məsələləri müzakirə olunmuşdur.
Müzakirələr və qərarların qəbulu üçün mühüm məsələlərdən biri statistika xidmətlərində təhsil prosesinin təşkili məsələsidir (təcrübə və təlim vasitələri, yeni metod və yanaşmaların tətbiqi, distant təhsil, fasiləsiz təhsil və təlim kartının tətbiqi, iş oyunları və məsələlərin yaradıcı həlli metodları üzrə treninqlər və daha yüksək vəzifələrdə qərarların qəbulu prosesində mütəxəsis kimi ali rəhbər şəxslərin cəlb edilməsi). Həmçinin seminarda qeyd olunmuşdur ki, statistik təlim prosesində beynəlxalq əlaqələr mühüm əhəmiyyət daşıyır. Koreya Statistika İnstitutunun təcrübəsi əsasında elektron təhsil üzrə müzakirələr aparılmışdır.
Macarıstan Statistika İdarəsi tərəfindən heyətin idarə olunması (məhdud imkanlı şəxslərin seçimi və işə qəbulu) prosesində qeyri-standart yanaşma haqqında hesabat təqdim olunmuşdur. Qeyd olunan şəxsi heyət Macarıstanda əhali siyahyaalınmasının keçirildiyi zaman zənglərin qəbulu mərkəzinə cəlb olunmuşdur. Göstərilən işçi kateqoriyası üçün xüsusi təlim təşkil olunmuş, onların iş şəraiti müvafiq qaydada uyğunlaşdırılmışdır.
3-cü yekun iclasda treninqlər keçirilmiş və qruplarla iş aparılmışdır. Nəticədə hər qrupa qeyd olunan mövzulardan (statistika xidmətlərində təlim və bilgilərin idarə olunması, mobillik, təşkilatda həyata keçirilən dəyişikliklərə işçi heyətinin cəlb edilməsi, motivasiya) 5 ən önəmli suala cavab verilməsi təklif olunmuşdur.