Dövlət Statistika Komitəsi nümayəndəsinin Norveçdə "Statistik məlumatların redaktə olunmasına dair" keçirilmiş işçi sessiyada iştirakı haqqında

05.10.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Yusif Yusifov 22-24 sentyabr 2012-ci il tarixdə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Avropa Statistikləri Konfransı çərçivəsində təşkil etdiyi "Statistik məlumatların redaktə olunmasına dair işçi sessiya"da iştirak etmişdir.
Tədbirdə demək olar ki, bütün Avropa ölkələrinin statistika orqanlarının nümayəndələri, habelə BƏƏ, Koreya, ABŞ və Yaponiyadan olan iştirakçılar olmaqla 60 nəfər iştirak etmişdir.
Tədbirin əsas məqsədi statistik məlumatların istehsalı və keyfiyyətinin təmin olunması üçün məlumatların redaktə olunması sahəsində tətbiq olunan metod və üsullar haqqında sessiya iştirakçılarına məlumatların verilməsi olmuşdur. Bununla yanaşı, sosial və iqtisadi sahələrdə aparılan seçmə və başdan-başa müşahidələrdə, habelə inzibati mənbələrdən toplanan məlumatların redaktəsi və imyutasiyası prosesində həyata keçirilən fəaliyyətlər barədə təcrübələr bölüşdürülmüşdür.
Tədbiri giriş sözü ilə açan BMT AİK-nin Statistik məlumatlar və metodologiya bölməsinin rəhbəri cənab Steven Vale statistik məlumatların redaktəsinin BMT-nin qəbul etdiyi "Statistika proseslərinin ümimi modeli"nin bir mərhələsi olduğunu və bu mərhələnin icrasının statistika məlumatlarının istehsalı və onun keyfiyyətinin təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Xüsusi və makro redaktə mövzusu üzrə İspaniya, İtaliya, ABŞ və İsveç milli statistika orqanlarının əməkdaşları çıxış etmişlər. Qeyd olunmuşdur ki, müxtəlif redaktə metodologiyalarının olduğu şəraitdə onların uyğunluğunun təmin olunması, xətaların modelləşdirilməsi hazırda ciddi problemlərlə müşahidə olunur.
Tədbirin ikinci günündə sessiya öz işinə müxtəlif məlumat mənbələrindən toplanan məlumatların inteqrasiyası kontekstində redaktə və imyutasiya haqqında mövzü ilə başladı. Mövzu üzrə Norveç, Yeni Zelandiya, Böyük Britaniya, Fransa və Macarıstandan olan mütəxəssislərin çıxışları dinlənilmişdir. Norveç təcrübəsi üzrə əhali, daşınmaz əmlak və ünvanlar registri üzrə məlumatlar arasında olan fərqlər və siyahıyalmada dəqiqliyə nail olunması üçün uyğunsuzluqların vaxtında aşkara çıxarılması və nəzərə alınması haqqında məlumat verilmişdir.
Sessiyanın növbəti mövzusu redaktə prosesinin səmərəliliyinin təhlili üçün metaməlumatlardan və paraməlumatlardan istifadə ilə bağlı olmuşdur. Bu mövzu üzrə Fransa, Finlandiya, Kanada və İsveç təcrübələri bölüşdürülmüşdür. Bildirilmişdir ki, əgər metaməlumat tərif və proseslərin metdologiyalarını əhatə edirsə, paraməlumat proseslərin, o cümlədən metaməlumatların avtomatik qeydə alınmasıdır.
Növbəti mövzu redaktə və imyutasiya sahəsində tətbiq olunan proqram təminatları və vasitələrlə bağlı olmuşdur. Bu məsələyə dair ABŞ, Hollandiya, Avstriya, Litva və Yaponiyadan olan mütəxəssislər çıxış etmişlər. ABŞ-dan olan mütəxəssis istifadə olunan proqram vasitələrindən danışaraq, bu məqsədlə hazırlanmış proqram təminatı haqqında məlumat vermişdir. Proqramda xətaların aşkarlanması, redaktə olunması və imyutasiya prosesləri nəzərdə tutulmuşdur.
Tədbirin sonuncu günü yeni və yaranmaqda olan metodlar və ümumi müşahidələrdə imyutasiya və redaktə ilə bağlı çıxışlar dinlənilmişdir. Yeni və yaranmaqda olan metodlar haqqında İsveç, Avrostat, Sloveniya və Hollandiya təcrübləri haqqında məlumat verilmişdir.