Azərbaycanda demoqrafik vəziyyət

11.10.2012

Ölkə əhalisinin sayı ilin əvvəlindən 91,7 min nəfər artaraq 2012-ci il oktyabrın 1-i vəziyyətinə 9327 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 108 nəfər olmuşdur. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 qadın düşür.
2012-ci ilin doqquz ayı ərzində 131,2 min və ya hər gün orta hesabla 479 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,3-dən 19,1-dək azalmışdır. Körpələrin 1444-ü əkiz, 33-ü isə üçəm doğulmuşdur.
Сari ildə doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.
Yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınmış və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9,0-dək azalmış, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalmışdır.
2012-ci ilin doqquz ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfər gəlmiş və 0,2 min nəfər ölkədən getmişdir.

Əlaqə telefonu: 538-51-43