2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

12.10.2012

2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 435.1 milyon manat artaraq 39.8 milyard manata çatmışdır. ÜDM-in 67.2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51.3 faizi sənayedə, 9.8 faizi inşaat kompleksində, 6.1 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 26.6 faiz, o cümlədən nəqliyyatın 4.7 faiz, ticarət və pullu xidmətlərin 8.0 faiz, rabitənin 1.7 faiz, sosial və digər xidmətlərin 12.2 faiz təşkil etmişdir. ÜDM-in 6.2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4340.2 manat (5522.6 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.3 faiz artmış, neft sektorunda isə 6.9 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25.8 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 96.5 faiz təşkil etmişdir. Məhsulun 76.4 faizi mədənçıxarma bölməsində, 18.3 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5.7 faiz azalmış, emal bölməsində 7.9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8.8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2.6 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.7 faiz artmış, neft sektorunda isə 5.6 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 32.8 milyon ton, əmtəəlik qaz 12.8 milyard kub metr, qızıl 1.1 ton, gümüş istehsalı 477 kq təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 3.1 faiz, içki 10.5 faiz, toxuculuq sənayesi məhsulları 2.3 dəfə, geyim 55.9 faiz, poliqrafiya məhsulu 1.9 dəfə, rezin və plastik məmulatlar 2.9 dəfə, tikinti materialları 19.4 faiz, metallurgiya məhsulu 16.6 faiz, hazır metal məmulatları 1.7 dəfə, elektrik avadanlıqları 2.1 dəfə, sair nəqliyyat vasitələri 20.1 faiz, mebel istehsalı 3.1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 26.0 faiz artmışdır.
Doqquz ay ərzində 15.4 milyard kv.saat, yaxud 10.5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99.3 faizinin məhsulu toplanmış və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2762.5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 1.7 sentner artaraq 27.0 sentnerə çatmışdır.
Bu dövrdə tarlalardan 948.1 min ton kartof, 1136.9 min ton tərəvəz, 516.7 min ton meyvə və giləmeyvə, 424.5 min ton bostan məhsulları, 99.3 min ton üzüm, 23.2 min ton pambıq, 550.3 ton yaşıl çay yarpağı, 3.3 min ton tütün, 46.7 min ton şəkər çuğunduru, 19.4 min ton dən üçün günəbaxan toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 13.6 faiz, pambıq 35.3 faiz, üzüm 22.2 faiz, çay 21.4 faiz, tütün 15.8 faiz, meyvə və giləmeyvə 10.3 faiz, dən üçün günəbaxan 4.1 faiz, kartof 2.7 faiz, tərəvəz istehsalı 0.7 faiz artmış, bostan məhsulları 10.5 faiz, şəkər çuğunduru istehsalı isə 34.5 faiz azalmışdır.
İri buynuzlu mal-qaranın baş sayı 2699.4 min başa, qoyun və keçilərin baş sayı isə 8687.7 min başa çatmış, bu dövrdə 345.0 min ton diri çəkidə ət, 1.3 milyon ton süd, 906.4 milyon ədəd yumurta, 15.9 min ton yun istehsal olmuşdur. 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3.4 faiz, süd 5.7 faiz, yumurta 19.3 faiz, yun istehsalı 1.2 faiz artmışdır. Beləliklə, əvvəlki illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7.2 faiz, heyvandarlıq məhsulları 5.1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6.3 faiz artmışdır.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 529.9 min hektar sahənin torpağını şumlamış, 39.1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
İlin əvvəlindən inşaat kompleksində 9.9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 60.3 faizi və ya 5.9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 27.4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 27.3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 79.4 faizini daxili investisiyalar təşkil edərək 32.1 faiz artmışdır. Vəsaitlərin 74 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilmiş və 31.2 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Doqquz ay ərzində ümumi sahəsi 1.2 milyon kv.metr yaşayış evləri, 24972 şagird yerlik ümumtəhsil məktəbləri, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi, növbədə 831 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences", "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda "Shaki Palace" oteli, Taxıl anbarı və dəyirman kompleksi, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5996.1 milyon manat vəsaitin 4293.1 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 157.3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox yük, 1176.7 milyon nəfər və ya 8.5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.6 faizi dəmir yolu nəqliyyatı, 56.0 faizi avtomobil nəqliyyatı, 5.9 faizi dəniz nəqliyyatı, 27.5 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.7 faizi avtomobil, 12.0 faizi metropolitenlə daşınmışdır. Qeyri-neft yüklərinin daşınması 7.7 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1019.3 milyon manat dəyərində və ya əvvəlki ildə olduğundan 16.7 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.3 faizi əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2012-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13.6 faiz artaraq 24.2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.0 faiz artaraq 2644.7 manata (orta hesabla ayda 293.9 manata) çatmışdır. Gəlirlərin 62.9 faizi son istehlaka, 8.7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Cari il sentyabr ayının sonuna olan məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanına uyğun olaraq, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 819.8 min əmanətçiyə 349.1 milyon manat ödənilmişdir.
Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.6 faiz artaraq 387.5 manata çatmışdır. Bu dövrdə sənayedə çalışanların orta aylıq əmək haqqı 594.0 manat, tikinti kompleksində 561.7 manat, nəqliyyatda 492.0 manat, informasiya və rabitədə isə 618.7 manat təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci ilin 9 ayı ərzində ölkədə 93.6 min yeni, o cümlədən 72.7 min daimi iş yeri açılmışdır.
Ötən ilin doqquz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.0 faiz artaraq 12.4 milyard manata, pullu xidmətlərin həcmi isə 7.7 faiz çoxalaraq 4.0 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 56.0 faizini ərzaq məhsulları, 44.0 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.5 faiz və 20.6 faiz artmışdır.
2012-ci ilin yanvar-sentyabr aylarında elektron ticarət vasitəsilə alıcılara 971.9 min manatlıq qeyri-ərzaq malları və 58.7 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 11.7 faiz azalaraq 21.8 milyard dollar təşkil etmiş, 89.9 faizi və ya 19.6 milyard dolları uzaq xarici dövlətlərlə, 2.2 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Səkkiz ay ərzində ölkəmizdən xarici ölkələrə 15.8 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 15.1 milyard dolları uzaq xarici dövlətlərə, 718.5 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı artmaqda davam edərək yanvar-avqust aylarında 1.0 mlrd. dollar olmaqla əvvəllki ilin müvafiq dövrünün səviyyəsini 5.5 faiz üstələmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 6.0 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4.5 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.5 milyard dollar olmuşdur.
Səkkiz ay ərzində 9.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 10.6 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 769.5 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 29.1 milyard dollar (o cümlədən ixrac 23.1 milyard dollar) təşkil etmiş, 7.9 faiz azalmış və müsbət saldo 17.1 milyard dollar olmuşdur.
Yanvar-avqust aylarında 24.0 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.1 faiz, xidmət tarifləri 0.2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalmışdır. İlin əvvəlindən keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.2 faiz, xidmət tarifləri 1.4 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 11.0 milyard manat, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 42.0 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 9.7 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 29.0 faiz çox vəsait xərclənmiş, 1.3 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3.6 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 40.7 faizi və ya 4.0 milyard manatı iqtisadiyyatın inkişafına, 12.0 faizi, yaxud 1.2 milyard manatı sosial müdafiə və sosial təminata, 11.8 faizi və ya 1.1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 22.5 faizi və ya 2.2 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabr ayının 1-i vəziyyətinə 11.2 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 17.1 faiz artmışdır. Verilmiş kreditlərin 8.1 milyard manatı uzunmüddətli olmuş, 731.7 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 21.9 faiz artaraq sentyabr ayının 1-nə 4.5 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.
Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 0.97 manat, 100 Rusiya rubluna 2.46 manat, yanvar-avqust aylarında isə müvafiq olaraq 0.79, 1.01 və 2.54 manat təşkil etmişdir.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 91.7 min nəfər artaraq cari ilin oktyabrın 1-i vəziyyətinə 9326.8 min nəfərə çatmışdır.