2012-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.12.2012

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2012-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 48.2 milyard manata çatmışdır. Əlavə dəyərin 50.5 faizi sənaye sahələrində, 9.9 faizi tikinti kompleksində, 5.7 faizi kənd təsərrüfatında, 4.8 faizi nəqliyyatda, 8.2 faizi ticarət və pullu xidmət sahələrində, 1.8 faizi rabitədə, 12.7 faizi digər sahələrdə istehsal olunmuşdur.
Adambaşına 5253.9 manatlıq (6686.8 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9.7 faiz artmış, neft sektorunda isə 6.5 faiz azalmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3.3 faiz azalmış, məhsulun 75.7 faizi və ya 23.5 milyard manatı mədənçıxarma bölməsində, 18.8 faizi, yaxud 5.8 milyard manatı emal bölməsində, 4.9 faizi və ya 1.5 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi və ya 173.5 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39.4 milyon ton neft, 15.7 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 3.2 faiz, içki istehsalı 8.6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 72.2 faiz, geyim istehsalı 32.9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9.1 faiz, kağız və karton istehsalı 30.4 faiz, poliqrafiya məhsulları istehsalı 2.5 dəfə, plastmas məmulatları istehsalı 2.5 dəfə, tikinti materialları istehsalı 18.1 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 17.6 faiz, hazır metal məmulatları istehsalı 60.4 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə, elektrik avadanlıqları istehsalı 77.3 faiz, sair nəqliyyat vasitələri istehsalı 24.6 faiz, mebel istehsalı 2.6 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 34.0 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18.5 milyard kvt.saat elektrik enerjisi istehsal olunmuşdur.
Sənaye məhsulu istehsalı neft sektorunda 5.3 faiz azalmış, qeyri-neft sektorunda isə 7.4 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2802.2 min ton taxıl, 968.5 min ton kartof, 1198.2 min ton tərəvəz, 54.6 min ton pambıq, 802.2 min ton meyvə və giləmeyvə, 427.8 min ton bostan məhsulları, 147.3 min ton üzüm, 120.7 min ton şəkər çuğunduru, 4.3 min ton tütün, 550.3 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 434.3 min ton ət, 1576.7 min ton süd, 1100.6 milyon ədəd yumurta və 16.2 min ton yun istehsal olunmuşdur. Bostan məhsulları və şəkər çuğunduru istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 5.8 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 5.7 faiz artmışdır.
2012-ci ilin məhsulu üçün 998.8 min hektar sahədə şum qaldırılmış, 900.1 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl, o cümlədən 619.3 min hektar sahədə buğda, 270.7 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12.6 milyard manat həcmində vəsait yönəldilmiş, 7.6 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 77.2 faizini və ya 9.7 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 24.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 22.7 faiz artmışdır. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 45.1 faizi, yaxud 5.7 milyard manat sərf olunmuşdur. İlin əvvəlindən ümumi sahəsi 1559.5 min kv. metrə bərabər yaşayış evləri, 29908 şagird yerlik ümumtəhsil məktəbləri, 15 çarpayılıq xəstəxana, növbədə 861 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 985 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-konsert kompleksi, "Qafqaz Baku City Hotel and Rezidences" və JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" Stadionu, Binə qəsəbəsində Stadion, Zirə İdman Kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda Çörək istehsalı müəssisəsi, Yevlax-Bərdə avtomobil yolu, Cəlilabad rayonunda Dəyirman və Taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, İmişli rayonunda "Kraun-co" taxıl anbarı kompleksi, Qazax rayonunda Konserv zavodu, Qusar rayonunda Mərkəzi xəstəxana, Şəki rayonunda "Shaki Palace" oteli, Tərtər rayonunda Süd emalı zavodu, Tovuz rayonunda "Ayan Palase" oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi və digər obyektlər istismara verilmişdir.
İnşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 5468.9 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 192.6 milyon ton yük və 1.5 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3.4 faiz, sərnişin daşınması isə 8.4 faiz artmışdır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 47.0 milyon ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 423.8 milyon manat gəlirin 36.5 faizi dəmir yolu, 17.4 faizi dəniz, 46.1 faizi avtomobil nəqliyyatının işi hesabına yaranmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 16.8 faiz çox informasiya və rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.1 faizi və ya 923.2 milyon manatı əhaliyə göstərilmiş və 20.4 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 15.4 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9.4 faiz çox istehlak malları satılmış, 7.9 faiz çox, yaxud 5.1 milyard manatlıq pullu xidmət göstərilmişdir. Satılmış malların 8.6 milyard manatını və ya 55.7 faizini ərzaq məhsulları, 6.8 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 12.8 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 39.9 faizi bazarlar və yarmarkalar, 47.3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 150 dövlətlə 27.4 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 19.7 milyard dollarını və ya 72.0 faizini ölkədən ixrac olunmuş mallar, 7.7 milyard dollarını (28.0 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 89.8 faizi və ya 24.6 milyard dolları uzaq xarici ölkələrlə, 10.2 faizi (2.8 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 95.2 faizi uzaq xarici dövlətlərə, 4.8 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, kimya və neft-kimya sənayesi məhsulları təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (75.9 faizi) uzaq xarici ölkələrdən daxil olmuşdur. Maşın və mexanizmlər, az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, ərzaq məhsulları, oduncaq və ondan hazırlanmış kağız və karton məmulatları, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil etmişdir.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 12.1 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 13.0 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 906.7 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 7.0 faiz azalması ilə yanaşı. qeyri-neft məhsullarının ixracı 9.5 faiz artmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 36.0 milyard dollar (o cümlədən ixrac 28.4 milyard) dollar təşkil etmiş, 20.7 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Yanvar-oktyabr aylarında ölkəmizə 27.8 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 1.0 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1.2 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.3 faiz, xidmət tarifləri 0.1 bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.1 faiz və xidmət tarifləri 1.3 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.7 faiz artaraq 29.9 milyard manata, onun hər nəfərə düşən məbləği isə 12.2 faiz çoxalaraq 3260.5 manata çatmışdır. Gəlirlərin 64.0 faizi son istehlaka, 8.3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 27.4 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 14.0 faiz artmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9.0 faiz çoxalaraq 390.2 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 597.1 manat, tikinti kompleksində 569.5 manat, nəqliyyatda 497.3 manat, informasiya və rabitədə 620.3 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 14.2 milyard manat daxil olmuş, büdcədən 12.2 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 41.0 faizi və ya 5.0 milyard manatı iqtisadiyyatın inkişafına, 7.9 faizi (958.8 milyon manatı) təhsilə, 12.7 faizi (1547.5 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 4.6 faizinə bərabər və ya 2016.1 milyon manatlıq profisit yaranmışdır.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 27.6 faiz artaraq 4.7 milyard manat olmuş, onların 2.7 milyard manatı milli valyuta ilə, 2.0 milyard manatı isə xarici valyuta ilə qoyulmuşdur.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 11.7 milyard manat məbləğində kredit vermiş, kreditlərin 71.2 faizi uzunmüddətli olmuş, 6.5 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0.78 manat, 1 Avroya 1.01 manat, 100 Rusiya rubluna 2.50 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.01 və 2.53 manata bərabər olmuşdur.