Banqkok şəhərində "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və Əhalinin təbii hərəkəti statistikasının təkmilləşdirilməsi üzrə" toplantı keçirilmişdir

28.12.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin baş məsləhətçisi Zəbihə Əsgər 10-11 dekabr 2012-ci il tarixlərində Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və əhalinin təbii hərəkəti statistikasının təkmilləşdirilməsi üzrə” toplantıda iştirak etmişdir.
Tədbirdə Asiya və Sakit okean üzrə 46 ölkənin milli statistika və vətəndaş aktlarının qeydiyyat orqanlarının, səhiyyə nazirliklərinin, Asiya və Sakit Okean ölkələri üzrə BMT-nin İqtisadi və Sosial Komissiyası, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla ümumilikdə 232 nəfər iştirak etmişdir.
Tədbirin keçirilməsinin əsas məqsədi ölkələrdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və əhalinin təbii hərəkəti statistikası sistemlərinin təkmilləşdirilməsi zamanı üzləşdikləri siyasi, inzibati və maddi problemlərin nəzərdən keçirilməsi və Asiya və Sakit Okean regionunda bu istiqamətdə işlərin keyfiyyətinin artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlinməsindən ibarət olmuşdur.
Toplantının ilk günü BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının statistika şöbəsinin rəhbəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının insanların həyatında və uşaqların gələcək həyatının daha yaxşı təşkil olunmasında vacib rolundan danışmış və iştirakçılara öz tövsiyələrini vermişdir.
Tədbir öz işini “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının təkmilləşdirilməsi” mövzusunda davam etdirmiş və 2020-ci il üçün bütün Asiya və Sakit Okean ölkələrində yaxşı fəaliyyət göstərən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat sisteminin təşkil olunmasının təmin edilməsi üzrə işlərin aparılması qeyd edilmişdir.
Dövlətstatkomun nümayəndəsi Zəbihə Əsgər Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sisteminin ölkələrdəki mövcud durumunu əks etdirən diskussiyada ölkəmizdə doğum, ölüm, nikah və boşanmalar haqqında məlumatların Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum, ölüm, nikahın bağlanması və pozulması haqqında müvafiq aktlarda olan məlumatların statistik cəhətdən işlənib hazırlanması əsasında əldə edilməsi, ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında akt qeydlərindən ibarət olması, bu sənədlərin ümumiləşdirilmək üçün ölüm haqqında akt qeydləri ilə birlikdə yerli statistika orqanlarına təqdim edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarına və BMT-nin tövsiyələrinə uyğun aparılması barədə iştirakçılara məlumat vermişdir.