Dövlət Statistika Komitəsinin nümayəndələri Moldova Respublikasının Milli Statistika Bürosunda “Beynəlxalq statistik təsnifatlar” mövzusunda keçirilmiş seminarda iştirak etmişlər

08.04.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini T. Əcəlov və həmin şöbənin baş məsləhətçisi E. Məmmədov cari ilin 19-21 mart tarixlərində BMT-nin təşkilatçılığı ilə Moldova Respublikasının Milli Statistika Bürosunda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin, Monqolustan və Gürcüstan dövlətlərinin nümayəndələrinin də iştirakı ilə “Beynəlxalq statistik təsnifatlar” üzrə keçirilən seminarda iştirak etmişlər.
Tədbirin əsas məqsədi regionda istifadə olunan Milli iqtisadi fəaliyyət və Məhsul növləri təsnifatlarının və onların Beynəlxalq İqtisadi Fəaliyyət və Məhsul növləri təsnifatları arasındakı əlaqələri, təsnifatların yeni versiyalarında baş verən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi ilə bağlı metodoloji məlumatlar, yeni versiyaların tətbiqi ilə bağlı yaranan problemlər və bu problemlərin həlli üsulları, region ölkələrində milli təsnifatlarla bağlı təcrübə və bilik mübadiləsi və bu sahədə əməkdaşlıq işlərinin davam etdirilməsi olmuşdur.
Tədbirə BMT-nin Statistika Şöbəsinin nümayəndəsi cənab Ralf Beker, Avrostatdan cənab Maykl Miltsner və BMT AİK-in əməkdaşı cənab Rami Peltola rəhbərlik etmiş və müşahidəçi qismində MDB Statistika Komitəsindən xanım Yelena Moçalova iştirak etmişdir.
Seminarda iştirakçı ölkələr tərəfindən təqdim edilən məlumatlar əsasında regionda tətbiq olunan İqtisadi Fəaliyyət növləri və Məhsul növləri təsnifatları və onların tətbiqi ilə yaranan problemlərin müzakirəsi aparıldı. İlk öncə iştirakçılar Beynəlxalq təsnifatlar əsasında yaradılmış milli təsnifatların hal-hazırkı vəziyyəti, beynəlxalq və milli səviyyəyə uyğunlaşdırılmış təsnifatların tətbiq olunması, biznes registrlərin yenidən kodlaşdırılması, məlumatların toplanmasının və hazırlanması zamanı yaranan çətinliklər, xüsusi fəaliyyət və məhsul növləri kodlarının müəyyən edilməsi zamanı yaranan problemlərin aradan qaldırılması ilə bağlı təcrübə mübadiləsi aparıldı.
MDB Statistika Komitəsinin nümayəndəsi xanım Yelena Moçalova MDB məkanında təsnifatlarla bağlı çıxışında Azərbaycanda bu sahədə görülən işlərlə bağlı razılığını bildirdi. Xanım Moçalova öz çıxışında Azərbaycanda hazırlanmış İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətlərinin və Məhsullarının Statistik təsnifatının MDB məkanındakı bir çox ölkələr üçün maraq doğurduğundan və onların bu təsnifatdan öz işlərində yararlanması üçün onun ingilis və ya rus dillərinə tərcümə olunmuş variantının Dövlət Statistika Komitəsinin veb səhifəsində yerləşdirilməsini xahiş etdi.