Moskvada ÜDM-in xərc komponentlərinin ilkin qrupları üzrə bölüşdürülməsinə dair müşavirə keçirilmişdir

03.05.2013

Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov və Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 17-18 aprel 2013-cü il tarixlərində ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsinə dair Moskvada keçirilmiş müşavirədə iştirak etmişlər.
İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir.
Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna statistika orqanlarının Milli hesablar və Qiymət statistikası üzrə mütəxəssisləri, həmçinin MDB Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.
İclasın əsas məqsədi 2011-ci il üzrə beynəlxalq müqayisələr üçün Xərclər təsnifatına uyğun ilkin qruplara bölüşdürülmüş ümumi daxili məhsul göstəricisinə dair ölkələr tərəfindən təqdim edilmiş məlumatların müzakirəsi olmuşdur.
Rusiya Federasiyası Statistika Xidmətinin Milli Hesablar şöbəsinin müdir müavini cənab V. Kuznetsov öz çıxışında bildirmişdir ki, 2005-ci il üzrə keçirilmiş beynəlxalq müqayisələrin nəticələri ilə müqayisədə hər nəfərə düşən ÜDM-nin həcminə görə MDB məkanında 3-5-ci yerləri bölüşdürən ölkələrin ardıcıllığı dəyişmiş, 2011-ci ildə Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə Azərbaycan, 4-cü yerdə Belarus, 5-ci yerdə isə Ukrayna qərarlaşmışdır.
Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlarda Xərclər təsnifatının “Yaşayış yerlərinin saxlanması və təmiri”, “Məlumatların işlənməsi üçün nəzərdə tutulmuş avadanlıq”, “Yazılmış məlumat daşıyıcıları” və “Evdən kənarda istirahət üçün nəzərdə tutulmuş iri uzunmüddətli istifadə əşyaları” maddələri üzrə rəqəmlərin bir daha nəzərdən keçirilməsi tövsiyə olunmuşdur.
Bildirilmişdir ki, MDB ölkələri üzrə beynəlxalq müqayisələrin ilkin nəticələri cari ilin may ayının 3-dək iştirakçı ölkələrə göndəriləcək və may ayının sonunadək ÜDM-in strukturunda və təmsilçi malların qiymətlərində zəruri dəyişikliklər edilərək yekun məlumatlar təqdim edilməlidir.
Bununla yanaşı, 2005-2011-ci illər üzrə hər nəfərə göstəricilərin hesablanması üçün istifadə edilən orta illik əhalinin sayı, və milli valyutanın Rus rubluna qarşı orta illik məzənnəsinə dair məlumatların MDB Statistika Komitəsinə təqdim edilməsinin, həmçinin məlumat mənbələrinin və metodologiyanın dəyişməsi ilə bağlı düzəlişlərin ÜDM-in 2005-ci il üzrə beynəlxalq müqayisələr proqramı üçün hazırlanmış xərc strukturuna şamil olunmasının vacibliyi qeyd edilmişdir.