Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
2013-cü ilin aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1479,3 min nəfər olmuş və onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2013-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 404,7 manat təşkil etmiş, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artmışdır. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Tel. 538-86-68