İsveçrənin Cenevrə şəhərində “Statistik metaməlumatlar” mövzusunda işçi sessiya təşkil edilmişdir

20.05.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev cari ilin 6-8 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika İdarəsi (Avrostat) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Statistik metaməlumatlar” mövzusunda təşkil edilmiş işçi sessiyada iştirak etmişdir. İşçi sessiyası statistik metaməlumatlar (METIS) üzrə Avropa Statistikləri Konfransının iş proqramının bir hissəsi kimi təşkil olunmuşdur.
İşçi sessiyada dünyanın bir çox ölkələrindən, o cümlədən Bolqarıstan, Çin, Danimarka, Macarıstan, Latviya, Meksika, Moldova, Serbiya, Ukrayna, Kanada, Estoniya, Finlandiya, Fransa, İtaliya, Cənubi Koreya, Yeni Zellandiya, Norveç, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, İsveç, Türkiyə, Böyük Britaniya və İsveçrənin statistika xidmətlərinin mütəxəssisləri iştirak edirdi. Sessiyada, həmçinin müşahidəçi qismində Avrostatın, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Ödəmə Bankının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının nümayəndələri və 4 müstəqil ekspert (“Rapanea” Məsləhət Xidməti, Böyük Britaniya Metaməlumatlar Texnologiyası, Şimali Amerika Metaməlumatlar Texnologiyası və Miçiqan Universiteti/DDI İttifaqı) iştirak edirdi. Avstraliya, Kanada, Fransa, İtaliya, Hollandiya və Amerika Birləşmiş Ştatlarının bəzi nümayəndələri isə video əlaqə vasitəsi ilə sessiyanın işində iştirak edirdilər.
İşçi sessiyanın keçirilməsində əsas məqsəd statistik metaməlumatlar sahəsində statistika və digər mütəxəssislər arasında təcrübə mübadiləsi və yaxşı nəticələrin müəyyən edilərək, digər ölkələrə tövsiyə edilməsindən ibarət olmuşdur. Sessiyanın işçi auditoriyasına, əsasən statistik metaməlumatlar üzrə mütəxəssislər, statistik biznes prosesin tətbiqinə və dəyişdirilməsinə cavabdeh şəxslər daxil idi. Gündəlikdə çıxışların qruplaşdırıldığı əsas mövzular metaməlumat standartları və modelləri, Statistik Biznes Proseslərdə metaməlumatlar, mövzuya uyğun tədqiqatlar və metaməlumatların hazırlama mexanizmlərindən ibarət olmuşdur.
İştirakçılar əsasən statistik metaməlumatlar, standartlar və BMT AİK-in Standartlar sahəsində yeni Modernləşmə Komitəsi (İşçi sessiyası zamanı təqdim edildi) nəzdində oxşar mövzular barədə görüləcək gələcək işləri müzakirə etmişlər.