2013-cü ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

13.06.2013

Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2013-cü ilin ötən beş ayı ərzində 22.1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.5 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 62.7 faizi məhsul istehsalı sahələrində, 30.9 faizi xidmət sahələrində yaradılmış, 6.4 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər nəfərə ümumi daxili məhsul istehsalı 2389.0 manat (3044.4 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyərin 52.5 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 11.0 faiz artlmış, neft sektorunda isə 1.4 faiz azalmışdır.
Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14.1 milyard manatlıq və ya 2012-ci ilin müvafiq dövründəkindən 0.2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 74.3 faizi mədənçıxarma bölməsində, 19.5 faizi emal bölməsində, 5.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.4 faiz artmış, neft sektorunda isə 0.8 faiz azalmışdır.
Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 1.6 faiz azalmış, 18.1 milyon ton neft, 7.4 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul buraxılışı 8.8 faiz artmış, o cümlədən qida məhsulları istehsalı 5.5 faiz, içki istehsalı 9.4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 51.5 faiz, kağız və karton istehsalı 3.7 faiz, poliqrafiya fəaliyyəti 72.4 faiz, neft məhsulları istehsalı 11.5 faiz, kimya sənayesi məhsulları istehsalı 3.4 faiz, əczaçılıq məhsulları istehsalı 51.3 faiz, tikinti materialları istehsalı 25.7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 20.5 faiz, kompüter və digər elektron avadanlıqları istehalı 21.8 faiz, avtomobil və qoşquların istehsalı 25.4 faiz, sair nəqliyyat vasitələri istehsalı 98.2 faiz, mebel istehsalı 9.8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 45.9 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 0.2 faiz artmış, istehsal edilmiş 8.9 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 2.5 faiz aşağı olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4.2 faiz artmışdır.
İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 284.6 milyon manatlıq hazır məhsul olmuş və bir ay əvvəlki durumla müqayisədə 3.6 milyon manat artmışdır.
Aqrar bölmədə yaz-tarla işləri başa çarmaq üzrədir. İyun ayının 1-nə kimi 349.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 30.6 min hektar sahədə dənli və dənli paxlalılar, 36.2 min hektar sahədə dən üçün qarğıdalı, 64.6 min hektar sahədə kartof, 74.5 min hektar sahədə tərəvəz, 23.0 min hektar sahədə pambıq, 27.8 min hektar sahədə bostan bitkiləri, 5.0 min hektar sahədə şəkər çuğunduru, 8.9 min hektar sahədə dən üçün günəbaxan, 1206 hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 57.1 min ton dənli və dənli paxlalılar, 53.5 min ton kartof, 76.8 min ton tərəvəz, 7.9 min ton meyvə və giləmeyvə, 254.5 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində 178.1 min ton diri çəkidə ət, 741.1 min ton süd, 566.8 milyon ədəd yumurta, 13.1 min ton yun istehsal olunmuş, 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2.8 faiz, süd istehsalı 5.9 faiz, yumurta istehsalı 14.5 faiz, yun istehsalı 3.4 faiz artmışdır.
Beləliklə beş ay ərzində ötən illə müqayisədə 5.2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 5.8 milyard manat məbləğində vəsait yönəldilmiş, 3.7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür. İnvestisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27.4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 42.5 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 4.2 milyard manatını və ya 73.4 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 22.3 faiz, xarici investisiya 44.1 faiz yüksək olmuşdur.
Yanvar-may aylarında ümumi sahəsi 664.4 min kv.metr yaşayış evləri, 2818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub, Bakıda "Gəmi təmiri və gəmiqayırma" İstehsalat birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar kompleksi və Beynəlxalq Loğistika mərkəzi, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Abşeron rayonunda "Milla" süd məhsulları və dondurma istehsalı zavodu, Birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Qobustan rayonunda İdman kompleksi, Qəbələ rayonunda Mədəniyyət mərkəzi, Atıcılıq klubunun birinci mərhələsi, Heyvandarlıq-südçülük kompleksi, "Aspi Winery" üzüm emalı zavodu, Hacıqabul rayonunda Seramik plitələr zavodu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7019.0 milyon manat vəsaitin 2474.7 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 2.2 faiz artaraq 85.5 milyon tona, daşınmış sərnişinlərin sayı isə 7.7 faiz artaraq 670.8 milyon nəfərə bərabər olmuşdur.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 587.0 milyon manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründəkindən 7.9 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.1 faizi bilavasitə əhaliyə göstərilmiş və 7.0 faiz artmışdır.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 9.8 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8.8 faiz artaraq 7.5 milyard manata, pullu xidmətlərin həcmi isə 7.3 faiz artaraq 2.3 milyard manata çatmışdır. İstehlak mallarının 12.2 faizi hüquqi şəxslər, 39.0 faizi yarmarkalar və bazarlar, 48.8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-aprel aylarında 132 xarici ölkə ilə 11.6 mılyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 11.2 faizi, yaxud 1.3 milyard dollarlığı MDB üzvü dövlətləri ilə, 88.8 faizi və ya 10.3 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Dörd ay ərzində 8.4 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 490.0 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 94.2 faizi və ya 7.9 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3.2 milyard dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2.3 milyard dollar, MDB üzvü ölkələrindən isə 803.9 milyon dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 39.8 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 11.2 faizi MDB-yə üzv dövlətləri ilə, 49.0 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5.2 milyard dollar çox olmuş və bir o qədər müsbət saldo yaranmışdır.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 14.2 milyard dollar, o cümlədən ixrac 11.0 milyard dollar təşkil etmiş, saldo 7.8 milyard dollar olmuşdur.
Yanvar-aprel aylarında ölkəyə 6.2 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 faiz artaraq 406.8 manata, hər bir nəfərə düşən gəlirlər isə 5.4 faiz çoxalaraq 1403.2 manata çatmışdır.
May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz bahalaşmışdır. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 6.7 milyard manat vəsait daxil olmuş, büdcədən 6.2 milyard manat vəsait xərclənmiş və 410.4 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.4 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 2.8 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 629.5 milyon manatı (10.1 faizi) sosial müdafiə və sosial təminata, 493.6 milyon manatı (7.9 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 17.6 faizi və ya 1.1 milyard manatı sərf olunmuşdur.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 13.5 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 29.2 faiz artmışdır. Verilmiş kreditlərin 10.0 milyard manatı uzunmüddətli olmuş, 754.7 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 32.9 faiz artaraq may ayının 1-nə 5.8 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 3.5 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.3 milyard manata olmuşdur.
May ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.02 manata, 100 Rusiya rublu 2.50 manata, yanvar-may aylarında isə müvafiq olaraq 0.78, 1.03 və 2.55 manata bərabər olmuşdur.

2013-cü ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Göstəricilər 2013-cü ilin yanvar-may ayları faktiki, milyon manat 2013-cü ilin yanvar-may ayları 2012-сi ilin yanvar-may aylarına nisbətən,faizlə Məlumat üçün:
2012-ci ilin yanvar-may ayları 2011-сi ilin yanvar-may aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 22 119.3 104.5 100.7
o cümlədən qeyri-neft ÜDM-si 11 622.6 111.0 110.5
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 14 149.9 99.8 97.1
o cümlədən qeyri-neft sənayesi 2 805.2 102.4 108.8
Əsas kapitala yönəldilmiş vəsaitlər 5 762.6 127.4 128.3
o cümlədən qeyri-neft sektoruna 3 917.1 126.1 126.9
Kənd təsərrüfatı məhsulu 1 087.7 105.2 107.1
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 85.5 102.2 103.6
o cümlədən qeyri-neft yüklərinin daşınması 58.3 105.8 108.5
İnformasiya və rabitə xidmətlərinin həcmi 587.0 107.9 116.5
Pərakəndə ticarət dövriyyəsi 7 486.6 108.8 109.4
Əhaliyə göstərilən pullu xidmətlər 2 285.0 107.3 108.8
Dövlət büdcəsinin gəlirləri 6 653.9x) 123.5xx) 133.1xxx)
Dövlət büdcəsinin xərcləri 6 243.5x) 160.3xx) 137.3xxx)
Dövlət büdcəsinin profisiti 410.4 - -
Əhalinin gəlirləri 12 992.5 106.8 114.6
Hər nəfərə düşən gəlirlər, manat 1 403.2 105.4 113.1
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 406.8x) 107.3xx) 107.7xxx)
İstehlak qiymətlərinin indeksi x 101.7 102.5
Statistika məlumatı 1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 14 165.9x) 98.83) х
o cümlədən:
ixrac 11 017.5x) 96.53) х
ondan qeyri-neft məhsulu ixracı 591.7x) 116.33) 108.54)
idxal 3 148.4x) 106.93) 103.44)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 11 567.3x) 108.73) 94.14)
o cümlədən:
ixrac 8 418.9x) 109.43) 90.94)
idxal 3 148.4x) 106.93) 103.44)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü ilin yanvar-apreli 2012-ci ilin yanvar-aprelinə nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci ilin yanvar-apreli 2011-ci ilin yanvar-aprelinə nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü ilin yanvar-apreli;
xx) 2013-cü ilin yanvar-apreli 2012-ci ilin yanvar-aprelinə nisbətən.
xxx) 2012-ci ilin yanvar-apreli 2011-ci ilin yanvar-aprelinə nisbətən.