BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrə şəhərində keçirilmiş tədbirlər haqqında

21.06.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov cari ilin iyun ayının 10-13-də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən İsveçrənin Cenevrə şəhərində keçirilmiş üç tədbirdə: iyun ayının 10-dan 12-nə (günün birinci yarısı) kimi Avropa Statistikləri Konfransının 61-ci plenar sessiyasında; iyun ayının 12-i günün ikinci yarısı və 13-ü birinci yarısı Şərqi-Avropa, Qafqaz və Orta Asiya ölkələrində davamlı inkişafın ölçülməsi və Rio+20-nin növbəti fəaliyyətlərinə dair seminarda; iyun ayının 13-ü günün ikinci yarısı isə Orta Asiya, Qafqaz və Monqolustan ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqrama (SPECA) dair seminarda iştirak etmişdir.
Avropa Statistikləri Konfransının 61-ci plenar sessiyasında Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı ABŞ, Kanada, Meksika, Braziliya, Kolumbiya, Çin, Yaponiya, İsrail və Avstraliya kimi dövlətlərin statistika xidmətlərinin rəhbərləri, həmçinin bir çox beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Statistika departamenti, Avrostat, Beynəlxalq Əmək Təşkilatı, MDB Dövlətlərarası Statistika Komitəsi və s.) nümayəndələri iştirak etmişlər. Plenar sessiya əsasən 3 tematik hissəyə bölünmüşdür: birinci hissədə (iyun ayının 10-da) "Ekoloji-iqtisadi hesablar sisteminin yerinə yetirilməsində və Davamlı inkişafın müəyyənləşdirilməsindəki çətinliklər" mövzusu üzrə; ikinci hissədə (iyun ayının 11-də) "Elmi-tədqiqat məqsədləri üçün mikro məlumatlara girişin təmin edilməsindəki çətinliklər" mövzusu üzrə məsələlər müzakirə edilmişdir.
Avropa Statistikləri Konfransının 61-ci plenar sessiyasından dərhal sonra (iyun ayının 12-i günün ikinci yarısı və 13-ü birinci yarısı) BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Ekoloji-iqtisadi hesablar sistemi və davamlı inkişafın ölçülməsi üçün Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistik potensialının gücləndirilməsinə dair BMT-nin İnkişaf Hesabı layihəsi çərçivəsində yüksək səviyyəli seminar keçirilmişdir. Seminarda Davamlı inkişafın ölçülməsi və Ekoloji-iqtisadi hesablar sisteminin icra olunmasında milli statistika idarələri və beynəlxalq təşkilatların işi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin Avropa Statistikləri Konfransının 61-ci plenar sessiyasının nəticələrinin yerinə yetirilməsinə cəlb edilməsi yolları müzakirə edilmişdir.
İyunun 13-də günün ikinci yarısı BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqrama (SPECA) üzv olan ölkələr, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Moqolustan üçün yarım günlük seminar keçirilmişdir.
İclas zamanı Avrostat və UNECE tərəfindən iştirak edən donorların fəaliyyətlərinin icmal yekunu, əhalinin siyahıya alınmasının 2020-ci il raundu, MHS-2008-in tətbiqi, Türkiyə Statistika Qurumunun və MDB Dövlətlərarası Statistika Komitəsinin regionda texniki əməkdaşlıq üzrə fəaliyyətləri, SPECA regionunda potensialın artırılması üzrə cari və gələcək fəaliyyət istiqamətləri müzakirə edilmişdir.