Ukraynanın Aluşta şəhərində “Qlobal qiymətləndirmələr və ekspert qiymətləndirmələri – inkişaf və növbəti addımlar” mövzusunda seminar keçirilmişdir

11.07.2013

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Statisika işlərinin əlaqələndirilməsi söbəsinin sektor müdiri Fərhad Əliyev 2013-cü ilin 25-27 iyun tarixlərində Ukraynanın Aluşta şəhərində Cənub-Şərqi Avropa, Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Aralıq dənizi ölkələrinin statistika orqanları rəhbərləri üçün “Qlobal qiymətləndirmələr və ekspert qiymətləndirmələri – inkişaf və növbəti addımlar” mövzusunda keçirilmiş seminarda iştirak etmişlər.
Seminar üç beynəlxalq təşkilat - BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsi, Avropanın Azad Ticarət Assosiasiyası (AATA) və Avrostat tərəfindən birgə təşkil olunmuş və statistika orqanları rəhbərləri üçün nəzərdə tutulmuşdur. Seminarda Azərbaycan da daxil olmaqla Albaniya, Əlcəzair, Ermənistan, Bosniya və Herseqovina, Makedoniya, Qırğızıstan, Liviya, Moldova, Monqolustan, Rusiya, Serbiya, Tunis, Ukrayna, Belarus, Xorvatiya, Misir, Gürcüstan, İsrail, İordaniya, Qazaxıstan, Monteneqro, Mərakeş, Norveç, Fələstin, İsveç, Tacikistan, Türkiyə və Özbəkistanın statistika təşkilatlarının rəhbərləri və yüksək vəzifəli nümayəndələri, eləcə də MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, Avropa Azad Ticarət Assosiasiyası, Avrasiya İqtisadi Komissiyası, Avrostat, BMT-nin AİK, BMT-nin Asiya və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Dünya Bankının nümayəndələri, ümumilikdə 68 nəfər iştirak edirdi.
Seminarın keçirilməsində əsas məqsəd - qlobal qiymətləndirmələrin (xarici auditin) səmərəli və sabit statistika sisteminin qurulması işində vacib alət olduğunu qeyd etməkdən və statistika orqanları rəhbərlərinin diqqətini bu məsələyə cəlb etməkdən, habelə 2008-2012-ci illər ərzində Cənub-Şərqi Avropa, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkələrində keçirilmiş qlobal və sadələşdirilmiş ekspert qiymətləndirmələrinin yekunlarına dair müzakirələrin aparılmasından ibarət olmuşdur.
Statistika sisteminin qlobal qiymətləndirilməsinin məqsədi – ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumatın əldə edilməsidir. Qlobal qiymətləndirmə statistikanın inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına köməklik edir. Eyni zamanda, beynəlxalq donorlar həmin ölkə ilə statistika sahəsində əməkdaşlığı planlaşdırarkən öz işlərini daha səmərəli təşkil edə bilirlər. Çıxışlarda dəfələrlə vurğulanmışdır ki, qlobal qiymətləndirmə yaxşıları müəyyən etmə yarışı deyil. Məqsəd mövcud nöqsan və çatışmazlıqları aşkar edərək onların aradan qaldırılması üçün ölkəyə tövsiyələrin verilməsindən ibarətdir.
Qlobal qiymətləndirmənin əsas prinsipi – könüllülükdür (ölkənin rəsmi sorğusu əsasında həyata keçirilir). Qlobal qiymətləndirmənin əsas vəzifələri ölkənin statistika sahəsində inzibati potensialının, ölkənin statistika sisteminin texniki aspektlərinin və milli statistikanın beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir.
Seminar 3 gün ərzində təşkil olunmuş 5 sessiyadan ibarət olmuşdur.
Seminar çərçivəsində milli statistika sistemlərində baş verən institusional dəyişikliklər və ən yaxşı təcrübələrin, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılmasına dair imkanlar müzakirə olunmuş, institusional mühit, o cümlədən istehsal, yayım prosesləri, keyfiyyət aspektləri ilə bağlı tövsiyələrin yerinə yetirilməsinə dair təcrübələr bölüşdürülmüş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış, gələcək fəaliyyət üçün ümumi və spesifik ehtiyacların planlaşdırılması və yol xəritəsinin hazırlanması məsələlərinə də diqqət yetirilmişdir.