2013-cü ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

15.07.2013

2013-cü ilin birinci yarısında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 27,2 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 2936,3 manat (3741,9 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 63,9 faizi istehsal sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi tikintidə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,6 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,4 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 49,3 faizdən 54,3 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 45,7 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilə nisbətən 0,7 faiz azalmışdır.
Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 35,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, informasiya və rabitə xidmətlərində 7,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 3,8 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artmışdır.

Əlaqə telefonu: 538-74-50