Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2013-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 5.0 faiz, yaxud müqayisəli qiymətlərlə 1.3 milyard manat artaraq 27.2 milyard manata çatmışdır. ÜDM-in 63.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48.6 faizi sənayedə, 10.9 faizi inşaat kompleksində, 4.4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29.6 faiz, o cümlədən nəqliyyatda 5.5 faiz, ticarət və pullu xidmətdə 9.6 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 12.8 faiz təşkil etmişdir. ÜDM-in 6.5 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı orta hesabla 2936.3 manat (3741.9 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10.9 faiz artmış, neft sektorunda isə 0.7 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyti də nəzərə alınmaqla 16.9 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz artmışdır. Məhsulun 74.0 faizi mədənçıxarma bölməsində, 19.9 faizi emal bölməsində, 5.5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2012-ci ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 0.9 faiz azalmış, emal bölməsində 9.0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 6.3 faiz artmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə ötən ilin səviyyəsində qalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.9 faiz artmış, neft sektorunda isə 0.3 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 21.8 milyon ton, əmtəəlik qaz hasilatı 8.9 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 3.7 faiz, içki istehsalı 11.6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabl istehsalı 41.0 faiz, kağlz və karton istehsalı 2.6 faiz, poliqrafiya fəaliyyəti 66.2 faiz, neft məhsulları istehsalı 10.6 faiz, kimya sənayesi məhsulları istehsalı 6.5 faiz, əczaçılıq məhsulları istehsalı 38.6 faiz, tikinti materialları istehsalı 24.6 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 21.0 faiz, kompyüter və digər elektron avadanlıqları istehsalı 53.3 faiz, elektrik avadanlıqları istehsalı 4.7 faiz, avtomobil və qoşquların istehsalı 85.0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2.1 dəfə, mebel istehsalı 12.1 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 1.7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 44.8 faiz artmışdır.
İlin ilk yarısında 10.4 milyard kv.saat, yaxud 2.6 faiz az elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 24-nə kimi 363.1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 33.2 min hektar sahədə dənli və dənli paxlalılar, 38.6 min hektar sahədə dən üçün qarğıdalı, 77.2 min hektar sahədə tərəvəz, 65.3 min hektar sahədə kartof, 23.4 min hektar sahədə pambıq, 28.5 min hektar sahədə bostan bitkiləri, 5.5 min hektar sahədə şəkər çuğunduru, 9.3 min hektarda dən üçün günəbaxan, 1215 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 10.7 min hektar azalmış, eyni zamanda dənli və paxlalıların əkin sahəsi 1.5 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2.7 min hektar, şəkər çuğundurunun əkin sahəsi 1.9 min hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 4-nə kimi qarğıdalı istisna olmaqla 1607.7 min ton məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 783 ton çox məhsul yığılmışdır.
Yığım başlanandan tarlalardan 274.9 min ton kartof, 343.0 min ton tərəvəz, 80.3 min ton meyvə və giləmeyvə, 35.6 min ton bostan məhsulları, 66.7 ton tütün, 288.8 ton yaşıl çay yarpağı toplanmışdır. 2012-ci ilin analoji dövrü ilə müqayisədə kartof istehsalı 29.1 min ton, yaxud 11.8 faiz, tərəvəz istehsalı 27.6 min ton (8.8 faiz), meyvə və giləmeyvə istehsalı 8.7 min ton (12.1 faiz), tütün istehsalı 12.7 ton (23.5 faiz), yaşıl çay yarpağı istehsalı 11.1 ton (4.0 faiz) artmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1.0 faiz artaraq 2730.7 min başa, qoyun və keçilərin sayı 1.0 faiz çoxalaraq 8832.7 min başa çatmışdır. Bu dövrdə 3.2 faiz çox və ya diri çəkidə 221.5 min ton ət, 6.6 faiz çox, yaxud 913.0 min ton süd, 14.2 faiz çox və ya 685.4 milyon ədəd yumurta, 2.6 faiz çox, yaxud 15.0 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 4.5 faiz, heyvandarlıq məhsulları istehsalı 5.1 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 4.9 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 7.4 milyard manat məbləğində vəsaitdən istifadə edilmiş, onun 64.9 faizi və ya 4.8 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2012-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 22.9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 39.6 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 74.9 faizini və ya 5.5 milyard manatını daxili investisiyalar təşkil etmiş və 18.1 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 917.9 min kv.metr yaşayış evləri, 4654 şagird yerlik ümumtəhsil məktəbləri, 737 yerlik məktəbəqədər təhsil müəssisəsi, növbədə 130 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar kompleksi və Beynəlxalq Loqistika mərkəzi, "Alov qüllələri" Kompleksində "Fairmont Baku" oteli, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Abşeron rayonunda "Milla" Süd məhsulları və Dondurma istehsalı zavodu, Birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Qobustan rayonunda İdman kompleksi, Qəbələ rayonunda Mədəniyyət mərkəzi, Atıcılıq klubunun birinci mərhələsi, Heyvandarlıq-südçülük kompleksi, "Aspi Winery" üzüm emalı zavodu, Hacıqabul rayonunda Seramik plitələr zavodu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7031.0 milyon manat vəsaitin 3187.4 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 105.9 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.4 faiz çox yük, 820.2 milyon nəfər və ya 7.7 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.6 faizi dəmir yolu nəqliyyatı, 56.3 faizi avtomobil nəqliyyatı, 5.7 faizi dəniz nəqliyyatı, 27.4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.1 faizi avtomobil, 12.7 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707.1 milyon manat dəyərində və ya ötən ildə olduğundan 7.5 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.2 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 76.1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2013-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 7.1 faiz artaraq 15.8 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 5.7 faiz artaraq 1708.8 manata (orta hesabla ayda 284.8 manata) çatmışdır. Gəlirlərin 69.2 faizi son istehlaka, 9.3 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 19.8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6.8 faiz artaraq 408.8 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 635.8 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 597.2 manat təşkil etmişdır.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.1 faiz artaraq 9.1 milyard manara, pullu xidmətlərin həcmi isə 7.5 faiz çoxalaraq 2.8 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 52.6 faizini ərzaq məhsulları, 47.4 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 0.4 faiz və 21.2 faiz artmışdır.
2013-cü ilin birinci yarısında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1038.2 min manatlıq qeyri-ərzaq malları və 73.4 min manatlıq ərzaq məhsulları satılmış və müvafiq olaraq 68.5 faiz və 2.1 dəfə artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ilin yanvar-may aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7 faiz artaraq 14.7 milyard dollar təşkil etmiş, 88.6 faizi və ya 13.0 milyard dolları uzaq xarici dövlətlərlə, 1.7 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 10.4 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 9.7 milyard dolları uzaq xarici dövlətlərə, 629.6 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 12.9 faiz artmışdır.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 4.4 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 3.3 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.1 milyard dollar olmuşdur.
Beş ay ərzində 6.0 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 6.4 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 415.8 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 18.1 milyard dollar (o cümlədən ixrac 13.8 milyard dollar) təşkil etmiş və saldo 9.4 milyard dollar olmuşdur.
Yanvar-may aylarında 8.0 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İyun ayında may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri ötən ayın səviyyəsində qalmış, xidmət tarifləri 0.1 faiz bahalaşmışdır. Eyni zamanda qiymət və tariflər altı ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 8.2 milyard manat həcmində, yaxud 2012-ci ilin müvafiq dövründəkindən 22.8 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 7.4 milyard manat və ya 2012-ci ilin müvafiq dövrünə nisbətən 31.6 faiz çox vəsait xərclənmiş, 815.0 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3.7 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 44.9 faizi və ya 3.3 milyard manatı iqtisadiyyatın inkişafına, 10.3 faizi, yaxud 766.1 milyon manatı sosial müdafiə və sosial təminata, 9.2 faizi və ya 681.6 milyon manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 18.5 faizi və ya 1.4 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyun ayının 1-i vəziyyətinə 13.8 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 30.1 faiz artmışdır. Verilmiş kreditlərin 10.2 milyard manatı uzunmüddətli olmuş, 768.7 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 35.7 faiz artaraq iyun ayının 1-nə 5.9 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 3.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.3 milyard manat olmuşdur.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.78 manat, 1 Avroya 1.04 manat, 100 Rusiya rubluna 2.43 manat, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.78, 1.03 və 2.53 manat təşkil etmişdir.
Göstəricilər | 2013-cü ilin yanvar-iyun ayları faktiki, milyon manat | 2013-cü ilin yanvar-iyun ayları 2012-сi ilin yanvar-iyun aylarına nisbətən, faizlə | Məlumat üçün: 2012-ci ilin yanvar-iyun ayları 2011-сi ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 27 202.0 | 105,0 | 101,5 |
o cümlədən qeyri-neft ÜDM-si | 14 779.2 | 110,9 | 111,3 |
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi | 16 886.9 | 100,3 | 97,0 |
o cümlədən qeyri-neft sənayesi | 3 373.7 | 102,9 | 108,7 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 7 361.8 | 122,9 | 129,6 |
o cümlədən qeyri-neft sektoruna | 5 111.2 | 119,5 | 130,2 |
Kənd təsərrüfatı məhsulu | 2 123.0 | 104,9 | 110,4 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 105.9 | 102,4 | 103,7 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 73.6 | 104,9 | 108,5 |
İnformasiya və rabitə xidmətlərinin həcmi | 707.1 | 107,5 | 117,9 |
Pərakəndə ticarət dövriyyəsi | 9 067.6 | 109,1 | 109,2 |
Əhaliyə göstərilən pullu xidmətlər | 2 781.6 | 107,5 | 108,0 |
Dövlət büdcəsinin gəlirləri | 8 249.4x) | 122,8xx) | 139,2xxx) |
Dövlət büdcəsinin xərcləri | 7 434.4x) | 131,6xx) | 153,4xxx) |
Dövlət büdcəsinin profisiti | 815.0 | - | - |
Əhalinin gəlirləri | 15 830.7 | 107,1 | 114,6 |
Hər nəfərə düşən gəlirlər, manat | 1 708.8 | 105,7 | 113,1 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat | 408.8x) | 106,8xx) | 108,1xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 102,0 | 102,2 |
Statistika məlumatı 1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 18 135.0x) | 103,13) | х |
o cümlədən: | |||
ixrac | 13 775.2x) | 98,83) | х |
ondan qeyri-neft məhsulu ixracı | 745.9x) | 112,93) | 109,64) |
idxal | 4 359.8x) | 116,93) | 102,84) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 14 725.6x) | 109,73) | 93,34) |
o cümlədən: | |||
ixrac | 10 365.8x) | 106,73) | 90,04) |
idxal | 4 359.8x) | 116,93) | 102,83) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2013-cü ilin yanvar-mayı 2012-ci ilin yanvar-mayına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2012-ci ilin yanvar-mayı 2011-ci ilin yanvar-mayına nisbətən, müqayisəli qiymətlərlə; x) 2013-cü ilin yanvar-mayı; xx) 2013-cü ilin yanvar-mayı 2012-ci ilin yanvar-mayına nisbətən; xxx) 2012-ci ilin yanvar-mayı 2011-ci ilin yanvar-mayına nisbətən. |