2013-cü ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

14.08.2013

2013-cü ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3484,7 manat (4441,3 ABŞ dolları) təşkil etmiş və 3,7 faiz artmışdır.
ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,7 faizi sənayedə, 10,8 faizi tikintidə, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 54,8 faiz təşkil etmişdir. Neft-qaz hasilatı və emalı sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz az əlavə dəyər istehsal edilmişdir.
Cari ilin yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,0 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2 faiz, informasiya və rabitə xidmətlərində 6,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,2 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artmışdır.

Əlaqə telefonu: 538 51 93