2013-cü ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

12.09.2013

Ümumi daxili məhsul. 2013-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2 faiz, yaxud müqayisəli qiymətlərlə 1.9 milyard manat çox əlavə dəyər istehsal olunmuş və onun ümumi həcmi 37.4 milyard manata çatmışdır. ÜDM-in 63.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 47.2 faizi sənaye müəssisələrində, 11.0 faizi inşaat kompleksində, 5.6 faizi isə aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 5.7 faizi nəqliyyat, 9.4 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 1.7 faizi rabitə, 12.8 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 6.6 faizini təşkil etmişdir.
Orta hesabla hər nəfərə 4035.7 manatlıq (5143.6 ABŞ dolları) ÜDM istehsal olunmuşdur.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 10.3 faiz artmış, neft sektorunda 0.1 faiz azalmışdır.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla ilin əvvəlindən 22.5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 0.4 faiz azalmış, emal bölməsində 6.0 faiz artmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 0.3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9.4 faiz artmış, bu bölmələrin sənayenin ümumi məhsulunda xüsusi çəkisi müvafiq olaraq 74.4, 19.8, 5.2 və 0.6 faiz təşkil etmişdir.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 29.1 milyon tona, əmtəəlik qaz hasilatı isə 11.7 milyard kub metrə çatmışdır.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 3.3 faiz, içki istehsalı 5.4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 32.0 faiz, poliqrafiya fəaliyyəti 71.0 faiz, neft məhsulları istehsalı 7.2 faiz, kimya sənayesi məhsulları istehsalı 15.4 faiz, əczaçılıq məhsulları istehsalı 19.2 faiz, tikinti materialları istehsalı 21.6 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 3.6 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 14.6 faiz, elektrik avadanlıqları istehsalı 12.0 faiz, avtomobil və qoşquların istehsalı 49.5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2.3 dəfə, mebel istehsalı 2.3 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 1.3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 36.4 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ötən illə müqayisədə elektrik enerjisi istehsalı 1.8 faiz azalaraq 13.7 milyard kv.saat təşkil etmişdir.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.8 faiz artmışdır.
Kənd təsərrüfatı. Aqrar bölmədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2806.9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132.1 min ton çox taxıl, 736.3 min ton (29.5 min ton çox) kartof, 988.5 min ton (20.5 min ton çox) tərəvəz, 340.4 min ton (9.0 min ton çox) meyvə və giləmeyvə, 398.1 min ton (1.3 min ton çox) bostan məhsulları, 31.9 min ton (306 ton çox) üzüm, 2169.4 ton (332.2 ton az) tütün, 399.3 ton (3.9 ton çox) yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3.1 faiz artaraq 304.7 min tona, süd istehsalı 7.1 faiz artaraq 1227.1 min tona, yumurta istehsalı 15.2 faiz artaraq 914.6 milyon ədədə, yun istehsalı 4.2 faiz artaraq 15.6 min tona çatmışdır.
Beləliklə səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4.5 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilmiş, o cümlədən bitkiçilik məhsulları istehsalı 3.9 faiz, heyvandarlıq məhsulları istehsalı 5.2 faiz artmışdır.
Əsaslı tikinti. Ölkədə inşaat işlərinin həyata keçirilməsi üçün səkkiz ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10.4 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 6.9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə edilmiş kapital qoyuluşunun 74.8 faizini, yaxud 7.8 milyard manatını daxili investisiyalar, 2.6 milyard manatını xarici investisiyalar təşkil etmişdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala vəsait qoyuluşu 22.7 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 35.4 faiz artmışdır.
İlin əvvəlindən ümumi sahəsi 1313.9 min kv.metr yaşayış evləri, 5554 şagird yerlik ümumtəhsil məktəbləri, 205 çarpayılıq xəstəxana, 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 777 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Hava Limanında anqar kompleksi və Beynəlxalq Loqistika Mərkəzi, Qaz Turbinli İstilik elektrik stansiyası, "Alov Qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Yeraltı avtomobil dayanacağı, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Ağstafa rayonunda Peynbol və Atıcılıq mərkəzi, Qazax rayonunda Sement zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar Sənaye kompleksi, "Qafqaz Karvansaray" Otel kompleksi, Qobustan rayonunda İdman kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax və Saatlı rayonlarında Olimpiya İdman Kompleksləri, Siyəzən rayonunda Gənclər mərkəzi, Tovuz rayonunda Hemodializ mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik stansiyası, Balakən rayonunda Soyuducu Anbar kompleksi, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi, Mərkəzi xəstəxəna, Gənclər Mərkəzi, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana kompleksi və digər istehsal və qeyri-istehsal obyektləri istismara verilmişdir.
Tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7092.8 milyon manat məbləğində vəsaitin 4672.9 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında daşınmış yüklərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 2.6 faiz artaraq 144.5 milyon tona çatmışdır. Bu dövrdə yük daşınması ilə yanaşı sərnişin daşınması da artmış, 1.1 milyard nəfər və ya 7.8 faiz çox sərnişin daşınmışdır.
Rabitə. Xidmət sahələri sırasında sürətlə inkişaf edən sahələrdən biri olan rabitə sahəsinin müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 985.0 milyon manatlıq və ya ötən ilin səviyyəsindən 7.0 faiz çox rabitə xidməti göstərilmişdir.
Əhalinin gəlirləri. 2013-cü ilin yanvar-avqust aylarında əhalinin hər bir nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.0 faiz artaraq 2376.2 manata çatmış, onun 68.7 faizi son istehlaka, 9.1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.6 faizi əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.
Əmək haqqı. Əhalinin həyat səviyyəsini xarakterizə edən digər bir göstərici – muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul ayları ərzində 6.9 faiz artaraq 412.7 manata çatmışdır. Eyni zamanda yanvar-iyul aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 641.4 manat, inşaat kompleksində 609.5 manat, nəqliyyatda 525.6 manat, rabitədə 669.6 manat olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət. Gəlirlərin artması ilk növbədə özünü əhalinin ticarət şəbəkəsindən aldığı istehlak mallarının və göstərilən xidmətlərin həcminin artmasında büruzə verir. İlin əvvəlindən əhaliyə 12.2 milyard manatlıq istehlak malları satılmıış və 9.4 faiz artmışdır. Pullu xidmətlərin həcmi isə 6.8 faiz artaraq 3.9 milyard manata çatmışdır.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 20.1 milyard dollar təşkil etmiş, dövriyyənin 88.5 faizi və ya 17.8 milyard dolları uzaq xarici dövlətlərin, 11.5 faizi və ya 2.3 milyard dolları isə MDB üzvü ölkələrinin payına düşmüşdür.
Əmtəə dövriyyəsinin 13.8 milyard dolları, yaxud 69.2 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil etmiş, onun 94.2 faizi və ya 13.1 milyard dolları uzaq xarici ölkələrə, 5.8 faizi, yaxud 801.6 milyon dolları MDB-yə daxil olan dövlətlərə göndərilmişdir.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 6.2 milyard dollar təşkil etmiş, uzaq xarici ölkələrdən 4.7 milyard dollarlıq, MDB üzvü dövlətlərindən isə 1.5 milyard dollarlıq əmtəə gətirilmişdir.
Yeddi ay ərzində 7.7 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 8.4 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 696.3 milyon dollarlıq mənfi ticarət saldosu yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 25.4 milyard dollar (o cümlədən ixrac 19.2 milyard dollar) təşkil etmiş və saldo 13.0 milyard dollara bərabər olmuşdur.
Yanvar-iyul ayları ərzində ölkəmizə 13.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri indeksi. Avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0.3 faiz, o cümlədən ərzaq mallarının qiymətləri 0.8 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayın səviyyəsində qalmış, xidmət tarifləri isə 0.1 faiz bahalaşmışdır. Yanvar-avqust ayları ərzində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyul aylarında dövlət büdcəsinə 11.4 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 10.2 milyard manat vəsait xərclənmiş, 1147.2 milyon manat məbləğində, yaxud ÜDM-in 3.6 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 4.5 milyard manatı və ya 44.4 faizi iqtisadiyyatın inkişafına, 769.8 milyon manatı (7.5 faizi) təhsilə və 1025.3 milyon manatı (10.0 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 36.3 faiz artaraq avqust ayının 1-nə 6.0 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 3.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olmuşdur.
Kredit qoyuluşu. Maliyyə-kredit təşkilatları tərəfindən avqust ayının 1-nə kimi 14.2 milyard manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 76.6 faizi uzunmüddətli olmuş, 776.6 milyon manatının ödəmə vaxtı keçmişdir.
Manatın məzənnəsi. Avqust ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.78 manat, 1 Avroya 1.04 manat, 100 Rusiya rubluna 2.37 manat, ilin əvvəlindən isə bu göstəricilər müvafiq olaraq 0.78, 1.03 və 2.49 manat təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2013-cü ilin yanvar-avqust ayları faktiki, milyon manat 2013-cü ilin yanvar-avqust ayları 2012-сi ilin yanvar-avqust aylarına nisbətən, faizlə Məlumat üçün:
2012-ci ilin yanvar-avqust ayları 2011-сi ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 37 419.8 105.2 101.3
o cümlədən qeyri-neft ÜDM-si 20 645.8 110.3 110.7
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 22 485.1 100.6 96.7
o cümlədən qeyri-neft sənayesi 4 435.0 102.8 107.9
Əsas kapitala yönəldilmiş vəsaitlər 10 378.8 122.7 128.4
o cümlədən qeyri-neft sektoruna 7 336.6 119.0 130.3
Kənd təsərrüfatı məhsulu 3 731.5 104.5 106.7
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 144.5 102.6 103.8
o cümlədən qeyri-neft yüklərinin daşınması 101.9 106.6 108.3
İnformasiya və rabitə xidmətlərinin həcmi 985.0 107.0 118.7
Pərakəndə ticarət dövriyyəsi 12 208.0 109.4 109.2
Əhaliyə göstərilən pullu xidmətlər 3 855.6 106.8 107.5
Dövlət büdcəsinin gəlirləri 11 371.4x) 117.5xx) 141.0xxx)
Dövlət büdcəsinin xərcləri 10 224.2x) 118.8xx) 138.8xxx)
Dövlət büdcəsinin profisiti 1 147.2 - -
Əhalinin gəlirləri 22 033.3 107.4 113.5
Hər nəfərə düşən gəlirlər, manat 2 376.2 106.0 112.0
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 412.7x) 106.9xx) 108.4xxx)
İstehlak qiymətlərinin indeksi x 102.2 101.7
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 25 352.0x) 103.13) x
o cümlədən:
ixrac 19 170.2x) 99.33) x
ondan qeyri-neft məhsulu ixracı 1 015.2x) 109.93) 105.74)
idxal 6 181.8x) 114.73) 100.94)
Gömrük məlumatı2) :
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 20 045.7x) 107.73) 89.94)
o cümlədən:
ixrac 13 863.9x) 104.63) 85.74)
idxal 6 181.8x) 114.73) 100.94)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü ilin yanvar-iyulu 2012-ci ilin yanvar-iyuluna nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci ilin yanvar-iyulu 2011-ci ilin yanvar-iyuluna nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü ilin yanvar-iyulu;
xx) 2013-cü ilin yanvar-iyulu 2012-ci ilin yanvar-iyuluna nisbətən;
xxx) 2012-ci ilin yanvar-iyulu 2011-ci ilin yanvar-iyuluna nisbətən.