Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə əmtəə ixrac olunmuş, 137 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
Doqquz ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 32,7 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artmışdır. Dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşmüş, nəticədə 16,5 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Ticarət əlaqələrinin 11,1 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 42,6 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 46,3 faizi isə digər dövlətlərlə qurulmuşdur.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,0 faiz artaraq 1,3 milyard dollar təşkil etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olmuşdur.
Tel: 538-76-95