2013-cü ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

14.11.2013

2013-cü ilin on ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 47,6 milyard manata çatmışdır.
Ümumi daxili məhsulun 64,1 faizi istehsal sahələrinin, 29,6 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz, qeyri-neft sektorunda isə 9,8 faiz artmışdır.
Ümumi daxili məhsulun həcmində yaradılmış əlavə dəyərin 46,3 faizi sənayenin, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 12,1 faizi tikintinin, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 13,3 faizi isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşmüşdür.
Cari ilin on ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 8,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 faiz, sosial və digər xidmət sahələrində 3,8 faiz artmışdır.

Əlaqə telefonu: 538 74 50