Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul. Yanvar-oktyabr ayları ərzində ölkədə 47.6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz, yaxud müqayisəli qiymətlərlə 2.6 milyard manat artmışdır. ÜDM-in 30.5 milyard manatı və ya 64.1 faizi məhsul istehsalı sahələrində, 14.1 milyard manatı, yaxud 29.6 faizi xidmət sahələrində yaradılmış, 3.0 milyard manatı (6.3 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 5.0 faiz, xidmət sahələrində isə 6.7 faiz artmışdır.
Hər bir nəfərə 5122.6 manatlıq (6528.9 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və 4.4 faiz artmışdır.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 9.8 faiz, neft sektorunda isə 1.0 faiz artmışdır.
Sənaye. Əlavə dəyərin 46.3 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 28.0 milyard manatlıq məhsul istehsal olunmuş və 1.5 faiz artmışdır.
Sənaye məhsulunun 74.4 faizi mədənçıxarma bölməsində, 19.9 faizi emal bölməsində, 5.0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində və 0.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində 36.1 milyon ton neft, 14.6 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Emal bölməsində qida məhsulları istehsalı 3.7 faiz, içki istehsalı 6.4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 31.0 faiz, poliqrafiya məhsulları istehsalı 44.8 faiz, neft məhsulları istehsalı 6.1 faiz, kimya sənayesi məhsulları istehsalı 18.4 faiz, əczaçılıq məhsulları istehsalı 15.8 faiz, tikinti materialları istehsalı 17.4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 0.3 faiz, elektrik avadanlıqları istehsalı 1.9 faiz, maşın və avadanlıqlar istehsalı 12.3 faiz, avtomobil və qoşquların istehsalı 33.5 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.4 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 1.5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 28.5 faiz artmışdır.
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində ötən ildə olduğundan 0.3 faiz az və ya 16.7 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir.
Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 2.0 faiz, neft sektorunda isə 1.0 faiz artmışdır.
Kənd təsərrüfatı. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2938.8 min ton taxıl, 992.2 min ton kartof, 1191.1 min ton tərəvəz, 691.2 min ton meyvə və giləmeyvə, 429.7 min ton bostan məhsulları, 142.8 min ton üzüm, 3.3 min ton tütün, 87.0 min ton şəkər çuğunduru, 549.9 ton yaşıl çay yarpağı, 31.5 min ton pambıq toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalı istehsalı 4.9 faiz, kartof istehsalı 2.5 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 3.9 faiz, bostan məhsulları istehsalı 0.5 faiz, üzüm istehsalı 14.5 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 402.7 min ton ət, 1528.9 min ton süd, 1160.2 milyon ədəd yumurta və 16.5 min ton yun istehsal olunmuşdur. 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4.0 faiz, süd istehsalı 6.4 faiz, yumurta istehsalı 16.3 faiz , yun istehsalı 2.3 faiz artmışdır.
Beləliklə, bitkiçilik məhsulları istehsalı 3.8 faiz, heyvandarlıq məhsulları istehsalı 5.6 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4.7 faiz ötən ilki səviyyədən yüksək olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 792.3 min hektar sahədə şum qaldırmış, 444.8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 272.7 min hektar sahədə buğda, 172.1 min hektar sahədə arpa səpmişlər.
Tikinti. İnşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13.1 milyard manat həcmində, yaxud 16.6 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 4.9 milyard manatı (37.1 faizi) qeyri-dövlət bölməsinə məxsus, 8.2 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə 8.7 milyard manat sərf olunmuş və ümumi vəsaitin 66.7 faizini təşkil etmişdir. İstifadə edilmiş vəsaitin 51.1 faizi və ya 6.7 milyard manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 9.7 milyard manatını və ya 74.2 faizini daxili vəsait, 3.4 milyard manatını xarici vəsait təşkil etmişdir.
2013-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5980.6 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1724.4 min kv.metr yaşayış evləri, 26996 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 226 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 1050 çarpayılıq xəstəxana, 1751 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Qaz turbinli İstilik Elektrik stansiyası, "Alov Qüllələri" Kompleksindəki "Fairmont Baku" oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Polad boru zavodu, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Yevlax rayonunda Hava Limanı, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya İdman kompleksləri, Sabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü Su anbarı, Taxtakörpü Su Elektrik stansiyası, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik stansiyası, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 179.9 milyon ton və ya 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.2 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 7.8 faiz artaraq 1.4 milyard nəfər təşkil etmişdır.
İnformasiya və rabitə. Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8.5 faiz çox rabitə xidməti göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13.5 faiz artaraq 744.5 milyon manata çatmış və ümumi gəlirlərin 59.3 faizini təşkil etmişdir.
Əmtəə dövriyyəsi və pullu xidmət. Yanvar-oktyabr ayları ərzində əhaliyə 15.6 milyard manatlıq istehlak malları satılmış və 9.7 faiz artmışdır. Pullu xidmətlərin həcmi isə 6.9 faiz artaraq 5.1 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 8.1 milyard manatını və ya 51.8 faizini ərzaq məhsulları, 7.5 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 1.4 faiz və 21.2 faiz artmışdır. Bu dövrdə elektron ticarət dövriyyəsi 66.2 faiz artaraq 2 milyard manatı ötmüşdür.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən doqquz ay ərzində xarici ölkələrlə 26.1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 69.1 faizini və ya 18.0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30.9 faizini (8.1 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 9.9 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
Ticarət əməliyyatlarının 11.1 faizi MDB-yə üzv dövlətləri ilə, 88.9 faizi isə digər ölkələrlə aparılmışdır.
Xam neft və təbii qazın ixracı barədə Azərbaycan Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsi 32.7 milyard dollar, o cümlədən ixrac 24.6 milyard dollar təşkil etmiş, 16.5 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Doqquz ay ərzində ölkəmizə 20.7 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0.7 faiz, on ay ərzində isə keçən ilin müvafiq dövrünə nisbətən 2.3 faiz bahalaşmışdır. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1.2 faiz və 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz və 0.5 faiz, xidmət tarifləri 0.2 faiz və 3.4 faiz bahalaşmışdır.
Əhalinin gəlirləri. 2013-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 7.7 faiz artaraq 29.1 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində hər nəfərə düşən gəlirlər 6.4 faiz yüksələrək 3130.1 manata və ya orta hesabla ayda 313.0 manata çatmışdır.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2012-ci ilin müvafiq dövrünə nisbətən 6.9 faiz artaraq 415.0 manat olmuşdur.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 14.3 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 12.7 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 45.1 faizi və ya 5.7 milyard manatı iqtisadiyyatın inkişafına, 10.2 faizi, yaxud 1.3 milyardı manatı səhiyyə və təhsilə, 10.6 faizi və ya 1.4 milyard manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1.6 milyard manatlıq profisit ÜDM-də 3.8 faiz təşkil etmişdir.
Kredit qoyuluşu. 2013-cü il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 14.8 milyard manat kreditin məbləği 30.0 faiz artmış, onun 76.8 faizi uzunmüddətli olmuş, 5.4 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin əmanətləri. Oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 36.9 faiz artaraq 6.2 milyard manata çatmışdır. Əmanətlərin 2.4 milyard manatı xarici valyuta ilə, 3.8 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Manatın məzənnəsi. Oktyabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.78 manat, 1 Avroya 1.07 manat, 100 Rusiya rubluna 2.45 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.04 və 2.48 manat təşkil etmişdir.
Göstəricilər | 2013-cü ilin yanvar-oktyabr ayları faktiki, milyon manat | 2013-cü ilin yanvar- oktyabr ayları 2012-сi ilin yanvar- oktyabr aylarına nisbətən, faizlə | Məlumat üçün: 2012-ci ilin yanvar-oktyabr ayları 2011-сi ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 47 564.6 | 105.7 | 101.0 |
o cümlədən qeyri-neft ÜDM-si | 26 680.7 | 109.8 | 110.4 |
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi | 28 038.5 | 101.5 | 96.1 |
o cümlədən qeyri-neft sənayesi | 5 533.5 | 102.0 | 106.8 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 13 089.9 | 116.6 | 126.8 |
o cümlədən qeyri-neft sektoruna | 9 152.8 | 110.0 | 130.3 |
Kənd təsərrüfatı məhsulu | 4 724.2 | 104.7 | 105.9 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 179.9 | 103.2 | 103.3 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 126.4 | 106.8 | 107.9 |
İnformasiya və rabitə xidmətlərinin həcmi | 1 255.0 | 108.5 | 117.2 |
Pərakəndə ticarət dövriyyəsi | 15 631.4 | 109.7 | 109.4 |
Əhaliyə göstərilən pullu xidmətlər | 5 050.2 | 106.9 | 107.7 |
Dövlət büdcəsinin gəlirləri | 14 330.1x) | 114.4xx) | 139.4xxx) |
Dövlət büdcəsinin xərcləri | 12 719.7x) | 114.9xx) | 126.8xxx) |
Dövlət büdcəsinin profisiti | 1 610.4 | - | - |
Əhalinin gəlirləri | 29 064.2 | 107.7 | 114.5 |
Hər nəfərə düşən gəlirlər, manat | 3 130.1 | 106.4 | 112.9 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat | 415.0x) | 106.9xx) | 108.6xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 102.3 | 101.3 |
Statistika məlumatı1) | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 32 725.1x) | 104.53) | x |
o cümlədən: | |||
ixrac | 24 656.0x) | 100.43) | x |
ondan qeyri-neft məhsulu ixracı | 1 265.5x) | 113.03) | 105.54) |
idxal | 8 069.1x) | 117.23) | 96.64) |
Gömrük məlumatı2) : | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 26 127.0x) | 110.33) | 88.14) |
o cümlədən: | |||
ixrac | 18 057.9x) | 107.23) | 84.94) |
idxal | 8 069.1x) | 117.23) | 96.64) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2013-cü ilin yanvar-sentyabrı 2012-ci ilin yanvar-sentyabrına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2012-ci ilin yanvar-sentyabrı 2011-ci ilin yanvar-sentyabrına nisbətən, müqayisəli qiymətlərlə; x) 2013-cü ilin yanvar-sentyabrı; xx) 2013-cü ilin yanvar-sentyabrı 2012-ci ilin yanvar-sentyabrına nisbətən; xxx) 2012-ci ilin yanvar-sentyabrı 2011-ci ilin yanvar-sentyabrına nisbətən. |