Tullantılar statistikasına dair seminarın, Ekoloji göstəricilərə dair və Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupların sessiyalarının yekunları haqqında

19.11.2013

Cari il noyabr ayının 4-dən 8-dək Cenevrə şəhərində tullantılar statistikasına dair seminar, Ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 7-ci və Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupun 14-cü sessiyaları keçirilmişdir.
Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Finlandiya, Serbiya, Bosniya və Herseqovinanın, Ətraf Mühit üzrə Avropa Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, Mərkəzi Asiya və Moldovanın Regional Ekoloji Mərkəzlərinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasını bu tədbirlərdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri R.Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi A.Yusifova təmsil etmişlər.
Noyabrın 4-də keçirilən tullantılar statistikasına dair seminarda tullantıların yaranması və idarə edilməsi – statistika və uçot, Bazel Konvensiyası çərçivəsində milli hesabatlarda son dəyişikliklər, bələdiyyə tullantılarına dair hesabatlar üzrə Avrostatın tövsiyələri, Avropa İttifaqı ölklərində bərk bələdiyyə tullantılarının idarə edilməsi və tullantılar statistikasının formalaşmasında ölkələrin təcrübəsi məsələləri müzakirə edilmişdir.
Seminarda Azərbaycan, Belarus və Monteneqronun nümayəndələri tərəfindən tullantılar statistikasına dair görülən işlər haqqında təqdimatlar edilmişdir.
Dövlət Statistika Komitəsinin nümayəndəsi R.Lazımova Azərbaycanda rəsmi statistikanın hüquqi bazası, təsnifatlar, tullantılar üzrə hüquqi çərçivə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”, “Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, tullantılar üzrə uçot və hesabat sistemi, tullantılar statistikası sahəsində perspektivlər və bu sahə üzrə rəsmi statistik nəşrlər haqqında geniş məlumat vermişdir.
Ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 7-ci sessiyasında BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı “Ətraf mühit göstəricilərinin istifadəsi üzrə Tövsiyələr”dən yeddi göstəricinin, “Tövsiyələr”ə daxil edilməyən nəqliyyat sektoruna aid olan göstəricilərin, ŞAQMA ölkələrində ekoloji göstəricilərin tətbiqinə dair əyani vəsaitin müzakirəsi aparılmışdır.
Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupun 14-cü sessiyasında torpağın kimyəvi çirklənməsinin monitorinqinin başlıca prinsiplərinin layihəsi, milli ekoloji monitorinq üzrə son işlər, ekoloji göstəricilər əsasında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsinə dair məruzələrin hazırlanması, ekoloji informasiyanın daha səmərəli yayılması üçün müasir texnologiyalardan istifadə edilməsi məsələlərinə baxılmışdır.