Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Türkiyənin İstanbul şəhərində “Dövlət maliyyə statistikası üzrə metodoloji vəsaitin Milli Hesablar Sistemi-2008 və Avropa Hesablar Sistemi-2010 arasında əlaqəsi” mövzusunda seminar keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdir müavini M.Məhərrəmova 2013-cü il noyabr ayının 20-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının, Avropa Azad Ticarət Assosiasiyasının və Avrostatın birgə təşkilatçılığı, Beynəlxalq Valyuta Fondunun və Türkiyə Statistika İnstitutunun dəstəyi ilə İstanbul şəhərində keçirilmiş birgə seminarda iştirak etmişdir.
Seminarda Qafqaz, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya ölkələrinin milli statistika orqanlarını və maliyyə nazirliklərini təmsil edən 43 mütəxəssis, həmçinin MDB Ölkələrarası Statistika Komitəsinin nümayəndəsi iştirak etmişdir.
Seminarın məqsədi “Dövlət maliyyə statistikası üzrə metodoloji vəsait”də (DMSV) və Milli hesablar sistemində istifadə edilən əsas konsepsiyalar, iqtisadi axınlar və əməliyyatların nəzərə alınması qaydaları və iki sistem göstəriciləri arasındakı keçidlər, mövcud olan fərqlər barədə müzakirə aparmaq olmuşdur.
Dövlət maliyyə statistikası üzrə metodoloji vəsaitin müzakirəsi zamanı dövlət sektorunun iqtisadiyyata təsirinin öyrənilməsinin vacibliyi, dövlət sektorunun, o cümlədən dövlət idarəetmə orqanlarının, dövlət maliyyə və qeyri-maliyyə korporasiyalarının ehtiyatları, gəlirləri, xərcləri, qəbul olunmuş uçot sistemi, tətbiq edilən hesablar və balanslar, maliyyə statistikasının əhatəliliyi, axınların düzgün qeydə alınması, eyni zamanda göstəricilərin kassa üsulu ilə deyil, hesablama üsulu ilə qeydə alınması barədə məlumat verilmişdir.
Seminarın sonunda region ölkələrində MHS-2008 və DMSV-2012 arasında əlaqələrin təmin olunması üçün nəzərdə tutulan işlər və prioritetlər müzakirə olunmuşdur.