İdxal – ixrac əməliyyatları haqqında

05.12.2013

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə əmtəə ixrac olunmuş, 138 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
On ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 36,2 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artmışdır. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxalın payına düşmüş, nəticədə 18,4 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Ticarət əlaqələrinin 11,6 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 43,1 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 45,3 faizi isə digər dövlətlərlə qurulmuşdur.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil etmişdir.
Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 11,8 dollar artaraq 153,5 dollara bərabər olmuşdur.

Tel: 538-76-95