Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz artaraq 52.1 milyard manata çatmışdır. Əlavə dəyərin 46.5 faizi sənaye sahələrində, 11.7 faizi tikinti kompleksində, 5.3 faizi kənd təsərrüfatında, 5.4 faizi nəqliyyatda, 9.2 faizi ticarət və pullu xidmət sahələrində, 1.7 faizi rabitədə, 13.9 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 5604.2 manatlıq (7142.8 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9.5 faiz, neft sektorunda isə 1.3 faiz artmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1.7 faiz artaraq 30.8 milyard manata çatmış, onun 74.2 faizi və ya 22.8 milyard manatı mədənçıxarma bölməsində, 20.1 faizi, yaxud 6.2 milyard manatı emal bölməsində, 5.1 faizi və ya 1.6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi və ya 199.9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39.5 milyon ton və ya 0.5 faiz çox xam neft, 16.2 milyard kub metr, yaxud 2.7 faiz çox əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2.8 faiz, içki istehsalı 14.7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35.1 faiz, poliqrafiya məhsulları istehsalı 48.1 faiz, neft məhsulları istehsalı 6.2 faiz, kimya sənayesi məhsulları istehsalı 19.9 faiz, əczaçılıq məhsulları istehsalı 14.9 faiz, tikinti materialları istehsalı 16.9 faiz, maşın və avadanlıqların istehsalı 21.7 faiz, avtomobil və qoşquların istehsalı 42.9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 2.9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 37.3 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18.5 milyard kVt.saat elektrik enerjisi (0.2 faiz çox) istehsal olunmuşdur.
Sənayenin neft sektorunda məhsul istehsalı 1.3 faiz, qeyri-neft sektorunda isə 3.2 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961.8 min ton taxıl, 992.7 min ton kartof, 1204.3 min ton tərəvəz, 42.6 min ton pambıq, 839.7 min ton meyvə və giləmeyvə, 429.7 min ton bostan məhsulları, 152.5 min ton üzüm, 180.8 min ton şəkər çuğunduru, 18.1 min ton dən üçün günəbaxan, 3.5 min ton tütün, 567.5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 452.1 min ton ət, 1669.6 min ton süd, 1279.6 milyon ədəd yumurta və 16.5 min ton yun istehsal olunmuşdur.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4.0 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4.8 faiz artmışdır.
2013-cü ilin məhsulu üçün 1050.5 min hektar sahədə şum qaldırılmış, 918.3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 616.7 min hektar sahədə buğda, 301.6 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14.6 milyard manat həcmində vəsait yönəldilmiş, 9.7 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 74.1 faizini və ya 10.8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14.8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26.7 faiz artmışdır. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 50.6 faizi, yaxud 7.4 milyard manat sərf olunmuşdur.
İlin əvvəlindən ümumi sahəsi 1874.4 min kv.metrə bərabər yaşayış evləri, 29334 şagird yerlik ümumtəhsil məktəbləri, 1050 çarpayılıq xəstəxana, növbədə 248 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 1866 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Qaz turbinli İstilik Elektrik stansiyası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Polad Boru zavodu, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və"Milla" süd məhsulları və Dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Yevlax rayonunda Hava Limanı, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya İdman kompleksləri, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü Su anbarı, Taxtakörpü Su Elektrik stansiyası, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik stansiyası, Ağcabədi rayonunda "Aqat-Aqro" Heyvandarlıq kompleksi və diğər obyektlər istismara verilmişdir.
İnşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 6618.5 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 199.3 milyon ton yük və 1.6 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3.3 faiz, sərnişin daşınması isə 7.8 faiz artmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.4 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 9.4 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.3 faizi və ya 1.0 milyard manatı əhaliyə göstərilmiş və 10.1 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 17.2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9.7 faiz çox istehlak malları satılmış, 7.3 faiz çox, yaxud 5.7 milyard manatlıq pullu xidmət göstərilmişdir. Satılmış malların 8.9 milyard manatını və ya 51.7 faizini ərzaq məhsulları, 8.3 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 12.2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 37.9 faizi bazarlar və yarmarkalar, 49.9 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 147 dövlətlə 28.8 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 19.9 milyard dollarını və ya 69.2 faizini ölkədən ixrac olunmuş mallar, 8.9 milyard dollarını (30.8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 88.4 faizi və ya 25.5 milyard dolları MDB-dən kənar ölkələrlə, 11.6 faizi (3.3 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 93.9 faizi MDB-dən kənar dövlətlərə, 6.1 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş, ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (76.0 faizi) MDB-dən kənar ölkələrdən daxil olmuşdur.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 11.0 milyard dollarlıq, o cümlədən MDB-dən kənar ölkələrlə 12.0 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 924.8 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 9.5 faiz artmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 36.2 milyard dollar (o cümlədən ixrac 27.3 milyard) dollar təşkil etmiş, 18.4 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Yanvar-oktyabr aylarında ölkəmizə 23.4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0.7 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 2.3 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz, xidmət tarifləri 0.1 bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.6 faiz və xidmət tarifləri 3.4 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 faiz artaraq 32.3 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 6.5 faiz çoxalaraq 3471.7 manata çatmışdır. Gəlirlərin 68.0 faizi son istehlaka, 9.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 21.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 29.4 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz artmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6.8 faiz çoxalaraq 416.7 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 644.9 manat, tikinti kompleksində 614.9 manat, nəqliyyatda 531.5 manat, informasiya və rabitədə 671.0 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 16.2 milyard manat daxil olmuş, büdcədən 14.0 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 44.4 faizi və ya 6.2 milyard manatı iqtisadiyyatın inkişafına, 10.3 faizi (1.4 milyard manatı) səhiyyə və təhsilə, 10.8 faizi (1.5 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 4.7 faizinə bərabər və ya 2214.8 milyon manatlıq profisit yaranmışdur.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 34.4 faiz artaraq 6.3 milyard manat olmuş, onların 3.9 milyard manatı milli valyuta ilə, 2.4 milyard manatı isə xarici valyuta ilə qoyulmuşdur.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 15.0 milyard manat məbləğində kredit vermiş, kreditlərin 77.5 faizi uzunmüddətli olmuş, 5.2 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0.78 manat, 1 Avroya 1.06 manat, 100 Rusiya rubluna 2.40 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.04 və 2.47 manata bərabər olmuşdur.
Göstəricilər | 2013-cü ilin yanvar-noyabr ayları faktiki, milyon manat | 2013-cü ilin yanvar- noyabr ayları 2012-сi ilin yanvar- noyabr aylarına nisbətən, faizlə | Məlumat üçün: 2012-ci ilin yanvar-noyabr ayları 2011-сi ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 52 072.30 | 105.7 | 101.2 |
o cümlədən qeyri-neft ÜDM-si | 29 183.10 | 109.5 | 109.7 |
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi | 30 792.00 | 101.7 | 96.7 |
o cümlədən qeyri-neft sənayesi | 6 138.3 | 103.2 | 107.4 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 14 592.3 | 114.8 | 124 |
o cümlədən qeyri-neft sektoruna | 10 250.2 | 108.2 | 125.5 |
Kənd təsərrüfatı məhsulu | 4 990.00 | 104.8 | 105.7 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 199.3 | 103.3 | 103.4 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 140.5 | 106.8 | 107.8 |
İnformasiya və rabitə xidmətlərinin həcmi | 1 388.10 | 109.4 | 116.8 |
Pərakəndə ticarət dövriyyəsi | 17 224.9 | 109.7 | 109.4 |
Əhaliyə göstərilən pullu xidmətlər | 5 667.9 | 107.3 | 107.9 |
Dövlət büdcəsinin gəlirləri | 16 234.8x) | 114.1xx) | 134.9xxx) |
Dövlət büdcəsinin xərcləri | 14 020.7x) | 114.8xx) | 123.4xxx) |
Dövlət büdcəsinin profisiti | 2 214.10 | - | - |
Əhalinin gəlirləri | 32 257.9 | 107.9 | 113.6 |
Hər nəfərə düşən gəlirlər, manat | 3 471.7 | 106.5 | 112.1 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat | 416.7x) | 106.8xx) | 109.0xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 102.3 | 101.2 |
Statistika məlumatı1) | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 36 167.6x) | 104.33) | х |
o cümlədən: | |||
ixrac | 27 290.3x) | 101.23) | х |
ondan qeyri-neft məhsulu ixracı | 1 431.8x) | 109.53) | 108.64) |
idxal | 8 877.3x) | 113.93) | 98.24) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 28 798.6x) | 109.23) | 88.14) |
o cümlədən: | |||
ixrac | 19 921.3x) | 107.13) | 84.24) |
idxal | 8 877.3x) | 113.93) | 98.24) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2013-cü ilin yanvar-oktyabrı 2012-ci ilin yanvar-oktyabrına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2012-ci ilin yanvar-oktyabrı 2011-ci ilin yanvar-oktyabrına nisbətən, müqayisəli qiymətlərlə; x) 2013-cü ilin yanvar-oktyabrı; xx) 2013-cü ilin yanvar-oktyabrı 2012-ci ilin yanvar-oktyabrına nisbətən; xxx) 2012-ci ilin yanvar-oktyabrı 2011-ci ilin yanvar-oktyabrına nisbətən. |