Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ildə Ümumi Daxili Məhsul istehsalı
İlkin hesablamalara görə 2013-cü ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatmışdır. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil etmiş və 4,4 faiz artmışdır.
Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuş, məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32,0 faizini təşkil etmişdir.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10,0 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 1,0 faiz artmışdır.
2013-cü ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz), informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılmışdır.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir.
Əlaqə telefonu: 538 74 50