2014-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

18.02.2014

Məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 4,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmiş və keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksək olmuşdur. Əlavə dəyərin 60,4 faizi məhsul istehsalı sahələrində, 32,9 faizi xidmət sahələrində istehsal olunmuş, 6,7 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 465,6 manat (593,6 ABŞ dolları) olmuşdur.
Əlavə dəyərin 53,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 7,7 faiz artmış, neft sektorunda isə 6,0 faiz azalmışdır.
2014-cü ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2.8 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründə olduğundan 4.0 faiz az sənaye məhsulu istehsal etmişlər. Bunun əsas səbəbi məhsul istehsalının sənayenin mədənçıxarma bölməsində 4.6 faiz, o cümlədən neft hasilatında 5.1 faiz azalmaşı olmuşdur. Bununla yanaşı əmtəəlik qaz hasilatı 6.7 faiz artmışdır.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 72.7 faizi mədənçıxarma bölməsində, 19.7 faizi emal bölməsində, 7.0 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0.8 faiz, geyim istehsalı 39.8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22.3 faiz, kimya sənayesi məhsulları istehsalı 26.0 faiz, hazır metal məmulatların istehsalı 14.6 faiz, tikinti materialları istehsalı 7.8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44.9 faiz, maşın və avadanlıqların istehsalı 2.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə artmışdır.
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1.0 faiz, elektrik enerjisi istehsalı isə 3.0 faiz artaraq 2.1 milyard kVt saat olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7.2 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5.6 faiz artmış, neft sektorunda isə 5.2 faiz azalmışdır.
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 36.3 min ton diri çəkidə ət, 133.9 min ton süd, 123.5 milyon ədəd yumurta və 2837.3 ton tərəvəz istehsal edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.4 faiz, süd istehsalı 3.2 faiz, yumurta istehsalı 11.1 faiz, tərəvəz istehsalı 10.4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3.3 faiz artmışdır.
Yanvar ayında ölkənin tikinti kompleksində 660.9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6.3 faiz çox vəsaitdən istifadə edilmiş və onun 378.5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 444.5 milyon manatı yerli mənbələrdən daxil olmuş, 58.8 faizi (388.6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120.5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilmişdir.
İlkin məlumatlara görə 2013-cü ildə müxtəlif ölkələrdən və onların firmalarından ölkəmizə 10,5 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuş və onun 46,8 faizi neft sektoruna yönəldilmişdir.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının başa çatması nəticəsində ölkədə 471.0 min yeni, o cümlədən 358.2 min daimi iş yeri açılmışdır. Təkcə 2013-cü ildə 109.9 min yeni iş yerləri yaradılmış, onların da 83.0 mini daimi iş yerləridir.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16.5 milyon ton yük və 132.2 milyon nəfər sərnişin daşınmış, 2013-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 0.7 faiz, sərnişin daşınması 6.2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 5.7 faiz, hava nəqliyyatı ilə 29.9 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7.0 faiz, metro ilə 1.5 faiz, hava nəqliyyatı ilə 5.8 faiz artmışdır.
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 12.7 faiz artaraq 121.8 milyon manat təşkil etmişdir.
Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1665.9 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 578.8 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2013-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9.3 faiz, pullu xidmətlərin həcmi isə 7.8 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 900.3 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 765.6 milyon manatlıq qeyri-ərzaq malları almışlar.
Ölkə daxilində əmtəə dövriyyəsinin sürətlə artması ilə yanaşı xarici ticarət əlaqələri də genişlənir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən yola saldığımız 2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34.7 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 69.1 faizini və ya 24.0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30.9 faizini (10.7 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 13.3 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 88.3 faizi və ya 30.6 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 11.7 faizi (4.1 milyard dolları) MDB üzvü ölkələri ilə aparılmışdır.
Ölkəmizə idxal olunmuş malların 76.2 faizi və ya 8.1 milyard dolları uzaq xarici dövlətlərdən, 23.8 faizi (2.6 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 25.7 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 13.4 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 12.1 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 8.7 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 7.6 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7.0 faizini kimya sənayesi məhsulları, 5.1 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir.
Ölkədən ixrac edilmiş malların 93.7 faizi, yaxud 22.5 milyard dolları uzaq xarici dövlətlərə, 6.3 faizi (1.5 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar, mirvari və s. ixrac olunmuşdur.
Əmtəə mübadiləsi daha çox İtaliya, İndoneziya, Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya, Tailand, Fransa, ABŞ, İsraillə aparılmışdır.
Ötən il qeyri-neft məhsullarının ixracı 6.0 faiz artmışdır.
2013-cü ildə ölkəmizə 30.7 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Xam neftin ixracı barədə Azərbaycan Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 43.5 milyard dollar, o cümlədən ixrac 32.8 milyard dollar təşkil etmiş, 22.1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2013-cü ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz, o cümlədən xidmət tarifləri 0.9 faiz ucuzlaşmış, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri dəyişməmişdir. 2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşmışdır.
Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşmışdır.
Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6.2 faiz yüksələrək 423.0 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 milyard manat vəsait daxil olmuş, büdcədən 19.1 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olmuşdur.
2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artmış, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olmuşdur. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatmışdır.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar ayında faktiki, milyon manat 2014-cü ilin yanvar ayı 2013-сü ilin yanvar ayına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar ayı 2012-сi ilin yanvar ayına nisbətən, faizlə
Ümumi daxili məhsul 4 359.0 100.8 102.8
o cümlədən qeyri-neft ÜDM-si 2 346.8 107.7 108.8
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 2 758.0 96.0 100.1
o cümlədən qeyri-neft sənayesi 586.6 105.6 102.3
Əsas kapitala yönəldilmiş vəsaitlər 660.9 106.3 132.4
o cümlədən qeyri-neft sektoruna 446.1 114.4 166.6
Kənd təsərrüfatı məhsulu 196.2 103.3 104.5
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 16.5 100.7 99.5
o cümlədən qeyri-neft yüklərinin daşınması 11.4 105.1 105.6
İnformasiya və rabitə xidmətlərinin həcmi 121.8 112.7 113.6
Pərakəndə ticarət dövriyyəsi 1 665.9 109.3 109.1
Əhaliyə göstərilən pullu xidmətlər 578.8 107.8 108.4
Dövlət büdcəsinin gəlirləri 9 494.6x) 112.8xx) 110.1xxx)
Dövlət büdcəsinin xərcləri 9 143.5x) 109.9xx) 113.1xxx)
Dövlət büdcəsinin profisiti 351.1 - -
Əhalinin gəlirləri 2 618.2 103.8 105.3
Hər nəfərə düşən gəlirlər, manat 279.9 102.5 103.9
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 423.0x) 106.2xx) 109.4xxx)
İstehlak qiymətlərinin indeksi x 102.2 100.8
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 43 551.2x) 102.73) х
o cümlədən:
ixrac 32 838.7x) 100.73) х
ondan qeyri-neft məhsulu ixracı 1 773.0x) 106.03) 108.44)
idxal 10 712.5x) 109.13) 96.94)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 34 687.9x) 106.33) 89.34)
o cümlədən:
ixrac 23 975.4x) 105.13) 86.24)
idxal 10 712.5x) 109.13) 96.94)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü il 2012-ci ilə nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci il 2011-ci ilə nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü il;
xx) 2013-cü il 2012-ci ilə nisbətən;
xxx) 2012-ci il 2011-ci ilə nisbətən.