Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib
Fevralın 25-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi müdirinin müavini Malik Heydərov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsindən bəhs etdi. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.
Sonra tədbirdə çıxış edən Statistik məlumatların elmi-tədqiqat və layihə-texnoloji mərkəzinin direktoru Saleh Mövlamov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.
Sonda Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmiş Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin Sənaye statistikası məlumatlarının işlənməsi şöbəsinin əməkdaşı – Qarabağ müharibəsi veteranı Xəlil Quliyev şərəfli döyüş yolundan danışdı.