Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı
2014-cü ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13,2 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 1,1 faiz artaraq 1403,4 manat (1789,2 ABŞ dolları) təşkil etmişdir.
Cari ilin ilk üç ayında ÜDM-in 48,4 faizi sənayedə, 9,6 faizi tikintidə, 9,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 13,4 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,9 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 8,8 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 4,2 faiz, tikintidə 20,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 16,5 faiz, informasiya və rabitədə 12,4 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,4 faiz, sosial və digər xidmət sahələrində 3,7 faiz, kənd təsərrüfatında 3,4 faiz artmışdır.
Ümumi daxili məhsulun 45,2 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin eyni dövrünə nisbətən 4,1 faiz azalmışdır.
Tel: 538-74-50