Moskva şəhərində Beynəlxalq Müqayisələr Proqramı çərçivəsində istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair müşavirə keçirilib

25.04.2014

Dövlət Statistika Komitəsinin nümayəndəsi Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 14-18 aprel 2014-cü il tarixlərində Moskva şəhərində MDB ölkələrində 2014-cü il üzrə Beynəlxalq müqayisələr Proqramı üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair müşavirədə iştirak etmişdir.
İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir.
Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan statistika orqanlarının qiymət statistikası üzrə mütəxəssisləri, həmçinin MDB Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.
Müşavirə əvvəlcədən müəyyən edilmiş gündəliyə uyğun olaraq keçirilmiş və istehlak malları üzrə qiymətlərin qeydiyyatının aparılmasının əsas prinsiplərini, siyahı üzrə təqdim olunmuş spesifik istehlak mallarının qiymət qeydiyyatının təşkil olunması məsələlərini özündə birləşdirmişdir.
İclasda aparılmış beynəlxalq müqayisələrin MDB Statistika Komitəsinin təşəbbüsü ilə həyata keçirilməsi barədə iştirakçı ölkələrə məlumat verilmiş, bildirilmişdir ki, 2011-ci ilin məlumatları əsasında ÜDM-in Beynəlxalq Müqayisəsi Proqramı yekunlaşmış və yekun məlumatlar buklet şəklində çap edilərək iştirakçı ölkələrə göndərilmişdir.
Bundan sonra iclasın gündəliyinə uyğun olaraq istehlak bölməsi üzrə təmsilçi mal və xidmətlərin təqdim olunmuş siyahılarının müzakirələri aparılmışdır.
İclasda müzakirələr əsnasında iştirakçı ölkələr tərəfindən siyahılar üzrə irəli sürülən təkliflər nəzərə alınmış və siyahılara əlavələr edilmişdir. Rusiya Federasiyası Statistika Xidmətinin Milli Hesablar şöbəsi müdirinin müavini V.Kuznetsov öz çıxışında beynəlxalq müqayisələr üzrə aparılan işlər barədə məlumat verərək bildirmişdir ki, qeydiyyat zamanı əsas prinsipial məsələ təqdim olunan məhsulun istehsalçı ölkə və markası üzrə düzgün seçilməsi, brend mallar və ticarət mərkəzləri üzrə əvəzləyici malların və ticarət məntəqələrinin seçilməməsi üzrə təlimatı göstərişlərə əməl edilməsi bir daha iştirakçı ölkələrin nəzərinə çatdırılmışdır.
İclasın sonunda bütün mal qrupları üzrə təkliflər qəbul olunmuş və qiymətlərin qeydiyyatının aparılması üçün yekun siyahıların 2014-cü ilin aprel ayının sonuna qədər iştirakçı ölkələrə göndərilməsi barədə qərar qəbul edilmişdir.