Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş keçirilib
May ayının 8-də Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov BMT-nin Əhali Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru cənab Heimo Laakkoneni, Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Haqq və BMT-nin Əhali Fondunun ölkəmizdəki nümayəndəliyinin baş müşaviri Fərid Babayev iştirak ediblər.
Görüşün əsas məqsədi "Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: mövcud vəziyyətin təhlili və problemin həlli yolları" mövzusunun müzakirəsi olub.
Cənab R. Səlimov hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının aktual problemlərdən biri olduğunu və Azərbaycanın da bu problemdən kənarda qalmadığını bildirib. O, ölkəmizdə bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Cənab Heimo Laakkoneni öz növbəsində bildirib ki, uşaqların cinsə görə nisbətinin pozulması cəmiyyətdə mənfi fəsadların yaranması ilə nəticələnə bilər. Ona görə də dünyanın hər yerində uşaqların cinsə görə nisbətinin pozulması məsələsi ilə mübarizə aparılmalıdır.
Görüşdə həmçinin, BMT-nin Əhali Fondu ilə Dövlət Statistika Komitəsi arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Sonda cənab Heimo Laakkoneni bu görüşdən razı qaldığını bildirib.