Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul. İlin əvvəlindən keçən dörd ay ərzində 18,2 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artmışdır. Ümumi daxili məhsulun 60,9 faizi məhsul istehsalı, 31,9 faizi xidmət sahələrində yaradılmış, 7,2 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9,0 faiz artmış, neft-qaz sektorunda isə 3,2 faiz azalmışdır.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1942,6 manata və ya 2476,5 ABŞ dollarına çatmışdır.
Sənaye. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 11,0 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 2,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma bölməsində, 20,8 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artmış, neft-qaz sektorunda isə 2,9 faiz azalmışdır.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 2,2 faiz azalmışdır. Dörd ay ərzində 14,1 milyon ton neft, 6,1 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 4,1 faiz azalmış, bölməyə daxil olan qida məhsulları istehsalı 3,2 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 3,5 faiz, geyim istehsalı 16,6 faiz, tikinti materialları istehsalı 26,3 faiz, maşın və avadanlıqların istehsalı 11,5 faiz, avtomobil və qoşquların istehsalı 2,5 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3,8 dəfə, mebel istehsalı 50,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 21,6 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 1,4 faiz artmış, 7,7 milyard kVt.s və ya keçən ilki səviyyədən 3,2 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,2 faiz artmışdır.
Kənd təsərrüfatı. Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 20,3 min hektar sahədə dən üçün qarğıdalı, 57,5 min hektar sahədə kartof, 52,5 min hektar sahədə tərəvəz, 14,8 min hektar sahədə pambıq çiyidi, 18,1 min hektar sahədə bostan bitkiləri, 4,6 min hektar sahədə şəkər çuğunduru, 7,2 min hektar sahədə dən üçün günəbaxan və 756 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 144,5 min tona, süd istehsalı 2,1 faiz artaraq 569,8 min tona, yumurta istehsalı 12,3 faiz artaraq 496,6 milyon ədədə çatmış, ötən ildəkindən 11,2 faiz çox və ya 2,7 min ton yun qırxılmışdır.
Bitkiçilik məhsullarından 46,6 min ton və ya 12,3 faiz çox tərəvəz, 6,0 min ton və ya 15,6 faiz çox kartof istehsal edilmişdir.
Kənd əməkçilərinin səyi nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,1 faiz, heyvandarlıq məhsulları istehsalı 3,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artmışdır.
Tikinti. Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 4,6 milyard manat, yaxud 2013-cü ilin yanvar-aprel aylarında olduğundan 8,6 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 3,2 milyard manatı və ya 68,9 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3,2 milyard manatı və ya 68,8 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 3,5 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 22,0 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 25,6 faiz artaraq 3,4 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1728,7 milyon manatından istifadə edilmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində 500,9 min kv.metr sahəsi olan yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 67,6 milyon ton yük və 564,4 milyon sərnişin daşınaraq 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 1,9 faiz və 6,0 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 3,2 faiz, boru kəməri ilə 10,7 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 6,3 faiz, hava nəqliyyatı ilə 2,7 faiz, metropolitenlə 4,4 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 468,9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 12,3 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 72,4 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Əhalinin gəlirləri. 2014-cü ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 3,3 faiz artaraq 1290,7 manata çatmış və onun 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,1 faizi əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-mart aylarında 6,6 faiz artaraq 434,3 manat təşkil etmişdir. Bununla yanaşı, sənaye, tikinti, rabitə, nəqliyyat, maliyyə və sığorta fəaliyyəti və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur.
Ticarət və pullu xidmət. İlin əvvəlindən əhaliyə 6,6 milyard manatlıq istehlak malları satılmış və 2,0 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,1 faiz, pullu xidmətlərin həcmi isə 6,6 faiz artmışdır.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ilin birinci rübündə xarici ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 6,5 milyard dolları və ya 91,0 faizi uzaq xarici dövlətlərin, 642,4 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 14,9 faiz, o cümlədən uzaq xarici ölkələrlə 13,2 faiz, MDB üzvü dövlətləri ilə isə 25,6 faiz azalmışdır.
Bu dövrdə ölkəmizdən 5,4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 13,0 faiz az mal göndərilmişdir. İxrac olunmuş məhsulların 5,2 milyard dollarlığı (96,7 faizi) MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrə, 179,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 11,0 faiz və 46,4 faiz azalmışdır.
Rüb ərzində ölkəmizə 1,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən 1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463,0 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 22,1 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 17,5 faiz azalmışdır.
İxracın idxalı üstələməsi nəticəsində 3,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrlə əlaqələrdə 3,9 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 0,2 milyon dollarlıq mənfi saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 45,9 faizi Avropa İttifaqı ölkələri, 9,0 faizi MDB üzvü dövlətləri, 45,1 faizi digər ölkələrlə aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 9,7 milyard dollar (o cümlədən ixrac 8,0 milyard dollar) təşkil etmiş və 6,7 faiz azalmışdır.
Birinci rübdə ölkəmizə 9,0 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İnflyasiya. Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,3 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-mart aylarında dövlət büdcəsinə 4,5 milyard manat vəsait daxil olmuş, büdcədən 4,4 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 0,8 faizi qədər və ya 108,2 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 2343,0 milyon manatı (53,6 faizi) iqtisadiyyatın inkişafına, 518,5 milyon manatı (11,8 faizi) sosial müdafiə və sosial təminata, 384,8 milyon manatı (8,8 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Əmanətlər. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq aprelin 1-nə 6,7 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olmuşdur.
Kreditləşmə. Ölkənin maliyyə-kredit təşkilatları aprelin ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 28,0 faiz çox və ya 15,9 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 77,8 faizi uzunmüddətli xarakter daşımış, 5,4 faizinin ödəmə vaxtı keçmişdir.
Valyuta məzənnələri. Aprel ayında 1 ABŞ dolları 0,78 manata, 1 avro 1,05 manata, 100 Rusiya rublu 2,20 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,78, 1,07 və 2,24 manata bərabər olmuşdur.
Göstəricilər | 2014-cü ilin yanvar-aprel ayları faktiki, milyon manat | 2014-cü ilin yanvar-aprel ayları 2013-сü ilin yanvar-aprel aylarına nisbətən,faizlə | Məlumat üçün: 2013-cü ilin yanvar-aprel ayları 2012-сi ilin yanvar-aprel aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 18 206,3 | 103,2 | 103,8 |
o cümlədən qeyri-neft ÜDM-si | 10 041,8 | 109,0 | 110,9 |
Sənaye məhsulu | 11 032,1 | 98,0 | 99,3 |
o cümlədən qeyri-neft sənayesi | 2 282,5 | 104,3 | 102,8 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 4 627,9 | 108,6 | 128,4 |
o cümlədən qeyri-neft sektoruna | 2 756,2 | 96,9 | 126,6 |
Kənd təsərrüfatı məhsulu | 795,6 | 103,3 | 104,8 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 67,6 | 101,9 | 102,2 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 46,2 | 103,5 | 106,1 |
İnformasiya və rabitə xidmətləri | 468,9 | 112,3 | 108,9 |
Pərakəndə ticarət dövriyyəsi | 6 586,3 | 109,1 | 109,4 |
Əhaliyə göstərilən pullu xidmətlər | 1 977,9 | 106,6 | 107,3 |
Dövlət büdcəsinin gəlirləri | 4 482,5 x) | 96,0 xx) | 133,9 xxx) |
Dövlət büdcəsinin xərcləri | 4 374,3 x) | 96,9 xx) | 158,8 xxx) |
Dövlət büdcəsinin profisiti | 108,2 | - | - |
Əhalinin gəlirləri | 12 096,8 | 104,6 | 107,1 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 1 290,7 | 103,3 | 105,7 |
Orta aylıq əmək haqqı, manat | 434,3 x) | 106,6 xx) | 107,1 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 101,9 | 101,4 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 9 724,9 x) | 93,3 3) | х |
o cümlədən: | |||
ixrac | 7 960,6 x) | 96,5 3) | х |
ondan qeyri-neft məhsulu ixracı | 380,3 x) | 88,2 3) | 128,3 4) |
idxal | 1 764,3 x) | 79,1 3) | 106,2 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 7 141,6 x) | 85,1 3) | 114,9 4) |
o cümlədən: | |||
ixrac | 5 377,3 x) | 87,0 3) | 118,0 4) |
idxal | 1 764,3 x) | 79,1 3) | 106,2 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2014-cü ilin yanvar-mart ayları 2013-cü ilin yanvar-mart aylarına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2013-cü ilin yanvar-mart ayları 2012-ci ilin yanvar-mart aylarına nisbətən, müqayisəli qiymətlərlə; x) 2014-cü ilin yanvar-mart ayları; xx) 2014-cü ilin yanvar-mart ayları 2013-cü ilin yanvar-mart aylarına nisbətən; xxx) 2013-cü ilin yanvar-mart ayları 2012-ci ilin yanvar-mart aylarına nisbətən. |