Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Turin şəhərində “Şərq Əməkdaşlığı regionunda əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması” mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva Avropa Təlim Fondunun (ATF) Məşğulluq məsələləri üzrə Avropa Komissiyası ilə birlikdə 25-27 iyun 2014-cü il tarixlərində Turin şəhərində təşkil etdiyi “Şərq əməkdaşlığı regionunda əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması” mövzusunda keçirilmiş tədbirdə iştirak etmişdir.
Seminarda Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın dövlət qurumlarının nümayəndələri, eləcə də ATF, İqtisadi Tədqiqat və Məsləhətləşmə, İBF Beynəlxalq Məsləhətləşmə Təşkilatı və Maastrix Universitetinin mütəxəssisləri iştirak etmişlər.
Şərq əməkdaşlığı regionunda ixtisaslı işçi qüvvəsinə olan tələb və təklifin uyğunlaşdırılması layihəsi ölkələrin ixtisaslı kadrlara olan tələbatının proqnozlaşdırılması üçün lazımi məlumatların toplanması və bu kimi məlumatların kadrların təklifi sahəsində siyasətin işlənib hazırlanmasında istifadəsi potensialının inkişafına istiqamətlənmişdir. Layihənin fəaliyyəti ixtisaslı işçi qüvvəsinə (həm keyfiyyət, həm də kəmiyyət baxımından) olan tələb və təklifin proqnozlaşdırılması işində region ölkələrində olan mövcud praktiki təcrübələrinin icmallaşdırılmasına və yeni yanaşmaların işlənib hazırlanmasına yönəlmişdir.
Həmçinin layihə çərçivəsində ixtisaslı işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılmasının metodologiyası üzrə mövcud beynəlxalq təcrübə, o cümlədən CEDEFOP-un (Peşə təliminin inkişafı üzrə Avropa Mərkəzi) əmək bazarında tələb və təklifin proqnozlaşdırılması modeli, həmçinin “Əmək bazarında tələb və təklif məsələləri üzrə Avropa panoraması” təşəbbüsü tərəfindən təqdim olunan resursların hərtərəfli istifadəsi üzrə Aİ üzv ölkələrinin müvafiq praktiki təcrübəsi təqdim olunmuşdur. Layihədə həmçinin, ATF, CEDEFOP və BƏT-in əmək bazarında ixtisaslı kadrlara olan tələb və təklifin proqnozlaşdırılması üzrə müştərək layihəsi cərçivəsində hazırlanmış metodoloji vəsaitlərin və ekspert təcrübəsinin istifadəsi nəzərdə tutulmuşdur.
Layihənin əsas məqsədi region ölkələrində əmək bazarında tələb və təklifin proqnozlaşdırılması sahəsində qarşılıqlı təcrübə və bilik mübadiləsi vasitəsilə ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması üzrə maraqlı tərəflərin və ixtisaslı kadrlar şəbəkəsinin yaradılmasından ibarət olmuşdur.