Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2.1 faiz artaraq 28.7 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 46.0 faizi sənaye sahələrində, 10.7 faizi tikinti kompleksində, 10.3 faizi ticarət və pullu xidmət sahələrində, 5.2 faizi nəqliyyatda, 1.6 faizi informasiya və rabitə müəssisələrində, 4.4 faizi aqrar bölmədə, 14.7 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 3063.3 manat məbləğində (3905.2 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz artmışdır.
Əlavə dəyərin 56.3 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7.0 faiz artmış, neft-qaz sektorunda isə 3.9 faiz azalmışdır.
2014-cü ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16.9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 12.3 milyard manatı və ya 72.9 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 21.2 milyon ton neft və 9.1 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində altı ay ərzində 3.6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 2.4 faiz, tütün məmulatları istehsalı 60.3 faiz, geyim istehsalı 30.9 faiz, hazır metal məmulatların istehsalı 7.0 faiz, tikinti materiallarının istehsalı 16.8 faiz, elektrik avadanlıqları istehsalı 30.2 faiz, avtomobil və qoşquların istehsalı 38.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.9 dəfə, mebel istehsalı 17.2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 60.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 11.2 faiz artmışdır. Qeyri-neft emal sənayesində 2.4 milyard manatliq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1.7 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5.4 faizi və ya 912.0 milyon manat istehsal olunmuşdur. İstehsal olunmuş 10.8 milyard kVt.saat elektrik enerjisi ötən ilki səviyyədən 3.2 faiz çox olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4.1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.2 faiz artmış, neft-qaz sektorunda isə 3.4 faiz azalmışdır.
Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 24-nə kimi 357.8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28.0 min hektar sahədə dənli və dənli paxlalılar, 36.9 min hektar sahədə dən üçün qarğıdalı, 76.0 min hektar sahədə tərəvəz, 61.7 min hektar sahədə kartof, 22.9 min hektar sahədə pambıq, 28.0 min hektar sahədə bostan bitkiləri, 5.7 min hektar sahədə şəkər çuğunduru, 11.7 min hektarda dən üçün günəbaxan, 1109 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 5.2 min hektar, dənli və dənli paxlaların əkin sahəsi 5.3 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 1.7 min hektar, tərəvəzin əkin sahəsi 1.2 min hektar, kartofun əkin sahəsi 3.6 min hektar azalmış, eyni zamanda dən üçün günəbaxanın əkin sahəsi 2.4 min hektar, şəkər çuğundurunun əkin sahəsi 240 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 4-nə kimi qarğıdalı istisna olmaqla 1778.6 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 273.5 min ton çox məhsul yığılmışdır.
Yığım başlanandan tarlalardan 260.7 min ton kartof, 342.4 min ton tərəvəz, 90.8 min ton meyvə və giləmeyvə, 44.2 min ton bostan məhsulları, 58.6 ton tütün, 230.4 ton yaşıl çay yarpağı toplanmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1.0 faiz artaraq 2724.1 min başa, qoyun və keçilərin sayı 1.1 faiz çoxalaraq 8841.2 min başa çatmışdır. Bu dövrdə 1.9 faiz çox və ya diri çəkidə 220.7 min ton ət, 3.1 faiz çox, yaxud 929.2 min ton süd, 12.2 faiz çox və ya 768.8 milyon ədəd yumurta, 2.1 faiz çox, yaxud 15.0 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10.1 faiz, heyvandarlıq məhsullarının istehsalı 3.0 faiz, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı 5.8 faiz artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625.9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.4 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 5296.4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 10.7 faiz artmışdır. Əsaslı vəsaitin 67.9 faizi və ya 5179.3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, əsas kapitala yönəldilmiş vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiya 20.5 faiz yüksək olmuşdur.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Altı ay ərzində 824.6 min kv.metr sahəsi olan yaşayış evləri, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5374.8 milyon manat vəsaitin 2641.5 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 107.9 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1.8 faiz çox yük, 867.6 milyon nəfər və ya 5.8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 2.4 faizi dəmir yolu nəqliyyatı, 57.1 faizi avtomobil nəqliyyatı, 4.5 faizi dəniz nəqliyyatı, 29.0 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.3 faizi avtomobil, 12.5 faizi metropolitenlə daşınmışdır
İlin əvvəlindən keçən altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 722.4 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-iyununa nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12.6 faiz artmış, xidmətlərin 72.4 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78.2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-may aylarında 133 xarici ölkə ilə 13.0 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9.0 faizi, yaxud 1164.4 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 91.0 faizi və ya 11.8 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Beş ay ərzində 9.5 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 310.2 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96.7 faizi və ya 9169.1 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 11.0 faiz azalmışdır.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3509.9 milyon dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2655.7 milyon dollar, MDB üzvü ölkələrindən isə 854.2 milyon dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 46.4 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.0 faizi MDB-yə üzv dövlətləri ilə, 44.6 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, beş ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2.7 dəfə çox olmuş və 5969.4 milyon dollar müsbət saldo yaranmışdır.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 17.2 milyard dollar, o cümlədən ixrac 13.7 milyard dollar təşkil etmiş, saldo 10.2 milyard dollar olmuşdur.
Yanvar-may aylarında ölkəyə 30.5 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
2014-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4.7 faiz artaraq 17.8 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3.3 faiz artaraq 1895.0 manata çatmışdır. Gəlirlərin 70.2 faizi son istehlaka, 9.2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6.5 faiz artaraq 438.1 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 707.9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 618.3 manat təşkil etmişdir.
Altı ay ərzində əhali istehlak bazarından 10.1 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 2982.5 milyon manat ödəmişdir. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8.9 faiz, o cümlədən ərzaq məhsullarının satışı 2.8 faiz, qeyri-ərzaq mallarının satışı 15.5 faiz, pullu xidmətlərin həcmi 6.9 faiz artmışdır.
2014-cü ilin birinci yarısında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1190.8 min manatlıq qeyri-ərzaq malları və 124.0 min manatlıq ərzaq məhsulları satılmışdır.
İyun ayında may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz ucuzlaşmış, xidmət tarifləri isə 0.2 faiz bahalaşmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 8.0 milyard manat vəsait daxil olmuş, büdcədən 7.4 milyard manat vəsait xərclənmiş və 654.5 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.8 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 3.5 milyard manatı və ya 47.2 faizi iqtisadiyyatın inkişafına, 837.3 milyon manatı (11.4 faizi) sosial müdafiə və sosial təminata, 717.6 milyon manatı (9.7 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği iyun ayının 1-nə 16.6 milyard manata çataraq ötən ilin iyun ayının 1-nə nisbətən 23.8 faiz artmışdır. Verilmiş kreditlərin 13.0 milyard manatı uzunmüddətli olmuş, 905.0 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 12.8 faiz artaraq iyun ayının 1-nə 6.6 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olmuşdur.
İyun ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.07 manata, 100 Rusiya rublu 2.28 manata, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.78, 1.08 və 2.24 manata bərabər olmuşdur.
2014-cü il iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9520.3 min nəfərə çataraq ilin əvvəlindən 43.2 min nəfər və ya 0.5 faiz artmışdır.
Göstəricilər | 2014-cü ilin yanvar-iyun ayları faktiki, milyon manat | 2014-cü ilin yanvar-iyun ayları 2013-сü ilin yanvar-iyun aylarına nisbətən, faizlə | Məlumat üçün: 2013-cü ilin yanvar-iyun ayları 2012-сi ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 28 743,0 | 102,1 | 105,0 |
o cümlədən qeyri-neft ÜDM-si | 16 173,9 | 107,0 | 110,9 |
Sənaye məhsulu | 16 936,4 | 97,6 | 100,3 |
o cümlədən qeyri-neft sənayesi | 3 411,0 | 104,2 | 102,9 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 7 625,9 | 103,4 | 122,9 |
o cümlədən qeyri-neft sektoruna | 4 663,9 | 91,1 | 119,5 |
Kənd təsərrüfatı məhsulu | 2 270,8 | 105,8 | 104,9 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 107,9 | 101,8 | 102,4 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 76,3 | 103,6 | 104,9 |
İnformasiya və rabitə xidmətləri | 722,4 | 112,6 | 107,5 |
Pərakəndə ticarət dövriyyəsi | 10 084,2 | 108,9 | 109,1 |
Əhaliyə göstərilən pullu xidmətlər | 2 982,5 | 106,9 | 107,5 |
Dövlət büdcəsinin gəlirləri | 8 023,0 x) | 97,3 xx) | 122,8 xxx) |
Dövlət büdcəsinin xərcləri | 7 368,5 x) | 99,1 xx) | 131,6 xxx) |
Dövlət büdcəsinin profisiti | 654,5 | - | - |
Əhalinin gəlirləri | 17 780,6 | 104,7 | 107,2 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 1 895,0 | 103,3 | 105,8 |
Orta aylıq əmək haqqı, manat | 438,1 x) | 106,5 xx) | 107,4 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 101,6 | 102,0 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 17 178,5 x) | 94,0 3) | х |
o cümlədən: | |||
ixrac | 13 668,6 x) | 98,4 3) | х |
ondan qeyri-neft məhsulu ixracı | 650,1 x) | 89,0 3) | 112,9 4) |
idxal | 3 509,9 x) | 80,1 3) | 116,8 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 12 989,2 x) | 87,7 3) | 109,3 4) |
o cümlədən: | |||
ixrac | 9 479,3 x) | 90,9 3) | 106,7 4) |
idxal | 3 509,9 x) | 80,1 3) | 116,8 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2014-cü ilin yanvar-may ayları 2013-cü ilin yanvar-may aylarına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2013-cü ilin yanvar-may ayları 2012-ci ilin yanvar-may aylarına nisbətən, müqayisəli qiymətlərlə; x) 2014-cü ilin yanvar-may ayları; xx) 2014-cü ilin yanvar-may ayları 2013-cü ilin yanvar-may aylarına nisbətən; xxx) 2013-cü ilin yanvar-may ayları 2012-ci ilin yanvar-may aylarına nisbətən. |