Avstriyanın Vyana şəhərində “İNOGATE” Proqramı çərçivəsində energetika statistikası və enerji balansları mövzusunda seminar keçirilmişdir

18.07.2014

Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 7-11 iyul 2014-cü il tarixində Avstriyanın Vyana şəhərində təşkil olunmuş seminarda Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri H.Dadaşov və şöbə müdirinin müavini Ə.Kərimov iştirak etmişlər.
Energetika statistikası və enerji balansları mövzusuna həsr olunmuş seminarda Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın, Belarusun, Ermənistanın və INOGATE-nin nümayəndələri ilə yanaşı ekspert qismində Avstriya Statistikasının və Latviya Mərkəzi Statistika Bürosunun nümayəndələri iştirak etmişlər. Seminar energetika statistikası sahəsi üzrə mütəxəssislərin ixtisasartırma və əsasən Avstriya Statistikasının, həmçinin Latviya və Xorvatiya energetika statistikası və enerji balansları üzrə fəaliyyətləri ilə yaxından tanışlıq məqsədi daşıyırdı.
Seminara INOGATE Texniki Katibliyinin nümayəndəsi, INOGATE Proqramının energetika statistikası üzrə eksperti Qloriya Aginaldo sədrlik etmişdir. Dörd gün davam edən seminar 10 sessiyadan ibarət olmuşdur.
Seminarın açılışında Q.Aqinaldo INOGATE Proqramı çərçivəsində statistika sahəsində əməkdaşlıqla bağlı təqdimatla çıxış edərək INOGATE Proqramının əsas məqsədinin energetika statistikasının hüquqi və institutsional çərçivələrinin inkişafı, məlumatların yığılmasının, tərtibinin, idarəedilməsinin və təhlilinin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması, enerji və əmtəə balanslarının tərtibinə köməklik göstərilməsi, enerji qiymətləri və enerji səmərəliliyi göstəriciləri üzrə hesabat sistemlərinin inkişaf etdirilməsi sahəsində əməkdaş ölkələrə texniki yardım göstərilməsini vurğulamışdır.