İdxal – ixrac əməliyyatları haqqında

05.09.2014

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 137 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə əmtəə ixrac olunmuş, 123 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-i Asiya ölkələri və digərləridir.
Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 24,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 milyard dollar, idxalın həcmi 4,9 milyard dollar təşkil etmiş, nəticədə 14,4 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 968,1 milyon dollar təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 102,8 dollara bərabər olmuşdur.

Tel: 538-76-95