Dövlət Statistika Komitəsinin nümayəndəsi Berlin şəhərində keçirilmiş Keyfiyyətli məşğulluq üzrə ekspert qrupunun görüşündə iştirak etmişdir

18.09.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə Avropa İqtisadi Komissiyası, Avrostat, Beynəlxalq Əmək Təşkilatı və Almaniya Federal Statistika İdarəsi tərəfindən 2014-cü il 10-11 sentyabr tarixlərində Berlin şəhərində keçirilmiş Keyfiyyətli məşğulluq üzrə ekspert qrupunun növbəti görüşündə iştirak etmişdir. Azərbaycan, Avstraliya, Almaniya, Kanada, Finlandiya, Fransa, İsrail, İtaliya, Lüksemburq, Hollandiya, Moldova, İsveçrə, Meksika milli statistika idarələrinin və 5 beynəlxalq təşkilatın mütəxəssislərindən ibarət 2012-ci ilin fevral ayında yaradılmış Keyfiyyətli məşğulluq üzrə Avropa İqtisadi Komissiyasının ekspert qrupunun nümayəndələri arasında mütəmadi olaraq məsləhətləşmələrin aparılması davam etdirilir.
Görüşün əsas məqsədi ekspert qrupunun iş planına uyğun olaraq, 7 elementi və 12 alt elementi əhatə edən Keyfiyyətli məşğulluğa dair statistik struktur layihəsinin və onun 70 göstəricidən ibarət göstəricilər sisteminin, bununla yanaşı bu göstəricilərin hesablanma qaydaları, əhatəliliyi, məlumat mənbələrinin müəyyənləşdirilməsi, beynəlxalq müqayisəliliyi, digər göstəricilərlə əlaqələri və s. məsələlərin və gələcək fəaliyyətlə bağlı həyata keçiriləcək tədbirlərin müzakirə edilməsi olmuşdur.
Göstərilmiş məsələlərlə bağlı ekspert qrupuna üzv olan ölkələrin nümayəndələri tərəfindən bu dövrdə görülmüş bütün işlər iş planına uyğun olaraq elektron poçt vasitəsilə məsləhətləşmələr əsasında aparılmışdır.
Məsləhətləşmələrin nəticəsi olaraq 1-7 elementlər çərçivəsində bir çox göstəricinin adının dəyişdirilməsi, müəyyən göstəricilərin əlavə edilməsi və ya çıxarılması, eyni zamanda metodoloji izahlar ilə bağlı üzvlər tərəfindən verilmiş təkliflər nəzərə alınmışdır. Eyni zamanda, yuxarıda göstərilən hər bir elementə daxil olan göstəricinin adı, onların hesablanma qaydaları, əhatəliliyi, bu göstəricilərin əldə edilməsi üçün məlumat mənbələri və bu kimi digər məsələlər ekspert qrupunun üzvləri tərəfindən yenidən müzakirə edilmiş və sənədin layihəsi bəyənilmişdir. Layihədə əksini tapmış ixtisasartırma və treninq elementinə daxil edilmiş göstəricilər haqqında yuxarıda göstərilən məlumatlar Azərbaycan, İsveçrə və Finlandiyanın mütəxəssisləri tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bununla yanaşı, 1-7-ci elementlər çərçivəsində beynəlxalq müqayisəliliyi təmin edə biləcək keyfiyyətli məşğulluğu səciyyələndirən göstəricilərdən ibarət hazırlanmış keyfiyyətli məşğulluğun ölçülməsinə dair statistik strukturun layihəsi müzakirə edilmişdir.
Görüşün sonunda qrupun iş planına uyğun olaraq, keyfiyyətli məşğulluğun ölçülməsinə dair statistik strukturun layihəsinə edilmiş irad və təkliflərin nəzərə alınması və 2014-cü ilin sonunadək bu layihənin Avropa Statistiklər Konfransının Bürosuna və 2015-ci ilin aprel ayınadək Konfransın plenar sessiyasına təqdim edilməsi və gələcək fəaliyyətlə bağlı həyata keçiriləcək tədbirlər razılaşdırılmışdır.