Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Moldova Respublikasının Kişinyov şəhərində “Miqrasiya statistikasına dair” seminar keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali və gender statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov Moldova Respublikasının Milli Statistika Bürosunun tərəfdaşlığı ilə BMT-nin Avropa İqtisadi Komissiyası və Avrostat tərəfindən Avropa Statistikləri Konfransının iş proqramına uyğun olaraq 2014-cü il 8-12 sentyabr tarixlərində Kişinyov şəhərində təşkil edilmiş “Miqrasiya statistikasına dair” seminarda və işçi sessiyasında iştirak etmişdir.
Seminarın əsas məqsədi Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində miqrasiya statistikası ilə əlaqədar məlumat mənbələri, məlumatların əldə olunması, işlənməsi və yayılması üçün istifadə edilən metod və texnologiyalara dair təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur. Seminarda MDB ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Moldova, Rusiya Federasiyası, Tacikistan və Ukrayna), eləcə də Gürcüstan, Litva və İtaliya statistika orqanlarının, MDB Statistika Komitəsinin, BMT-nin Avropa İqtisadi Komissiyasının, Avropa Statistikası Bürosunun, Beynəlxalq Əmək Təşkilatının və Moskva Dövlət Universitetinin mütəxəssisləri iştirak etmişlər. Ümumilikdə ilk seminarda 32 nəfərin iştirakı təmin edilmişdir.
Seminar 8 sessiyadan ibarət olmuş və seminarın ilk günü BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin əməkdaşı cənab Andres Vikat seminarı açıq elan edərək miqrasiya statistikasına dair məlumatların əldə edilməsi və onun yayılmasının vacibliyinə dair iştirakçılara öz tövsiyələrini vermiş və MDB statistika Komitəsinin sədri Vladimir Sokolin sessiyaya sədrlik etmişdir.
Tədbirin sonunda iştirakçılar BMT-nin Avropa İqtisadi Komissiyasına (AİK), MDB Statistika Komitəsinə və Moldovanın Milli Statistika Bürosuna seminarın təşkili və digər işlər üçün göstərdikləri dəstəyə görə təşəkkürlərini bildirmişlər.
Bütövlükdə seminarın işi iştirakçılar tərəfindən müsbət qiymətləndirilmiş və tədbirin təşkilatçıları region ölkələrində miqrasiya haqqında məlumatların toplanması sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişlərin olacağına ümid etmişlər.
Seminardan sonra isə “Miqrasiya statistikasına dair” işçi sessiyası öz işinə başlamışdır. İşçi sessiyasının əsas məqsədi beynəlxalq miqrasiya statistikası ilə əlaqədar olan məlumatların toplanması, işlənməsi və yayılması üçün istifadə edilən metod və texnologiyalara dair təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur.
İşçi sessiyasında 32 dövlətin (Azərbaycan, Albaniya, Gürcüstan, Estoniya, Ermənistan, Belarus, Belçika, Finlandiya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva, Meksika, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Tunis, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq, Yunanıstan və ABŞ) milli statistika idarələrinin nümayəndələri və 8 beynəlxalq təşkilatın mütəxəssisləri iştirak etmişlər.
Sessiyanın sonunda Avropa İqtisadi Komissiyasının işçi sessiyasının işi haqqında əsas qərarlar da daxil olmaqla məruzənin layihəsi qəbul olunmuşdur.