Rusiya Federasiyasının Vladivostok şəhərində “Makroiqtisadi statistika üçün beynəlxalq standartların əlaqələndirilmiş tətbiqi” mövzusunda müşavirə keçirilmişdir

19.09.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin baş məsləhətçisi Sevinc Fəttahova 2014-cü il 3-4 sentyabr tarixlərində Rusiya Federasiyasının Vladivostok şəhərində BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Rusiya Dövlət Statistikasının Federal Xidməti ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş “Makroiqtisadi statistika üçün beynəlxalq standartların əlaqələndirilmiş tətbiqi” mövzusu üzrə müşavirədə iştirak etmişdir.
Müşavirədə Azərbaycan, Ermənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya Federasiyası, Türkiyə, Tacikistan və Özbəkistanın statistika orqanlarının mütəxəssisləri, mərkəzi bank və maliyyə nazirliklərinin nümayəndələri, həmçinin Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Millətlər Təşkilatının Statisitika şöbəsinin nümayəndələri iştirak etmişlər.
İclas Asiya və Sakit Okean hövzəsi ölkələrində iqtisadi statistikanın təkmilləşdirilməsi üçün Regional Proqram çərçivəsində aparılmış qiymətləndirmə və məsləhətləşmələrin nəticəsi olaraq təşkil edilmişdir. İclasın əsas məqsədi üç əsas yenilənmiş makroiqtisadi statistika çərçivələri Milli Hesablar Sistemi (SNA 2008), Tədiyyə Balansı və Beynəlxalq İnvestisiya Mövqeyi üzrə Vəsait (BPM 6) və Dövlət Maliyyəsi Statistikası üzrə Vəsaitin (GFSM 2014) əlaqələndirilmiş tətbiqi üzrə təşəbbüsün dəstəklənməsi və bu sahədə gələcək fəaliyyətin müəyyən edilməsindən ibarət olmuşdur.
Müşavirənin xülasəsində makroiqtisadi göstəricilər statistikasının iqtisadiyyatı tam əhatə etdiyini və qarşılıqlı əlaqəli göstəricilər sisteminin köməyi ilə ölçüldüyü nəzərə alınaraq bütün ölkələr tərəfindən makroiqtisadi statistikasının beynəlxalq standartlara uyğun hazırlanmasının və müqayisəliliyin təmin edilməsinin vacibliyi vurğulanmışdır.
Qeyd edilmişdir ki, beynəlxalq standartlara cavab verən göstəricilər sisteminin yaradılması makroiqtisadi siyasət sahəsində daha effektiv idarəetmə üçün cox vacibdir. Makroiqtisadi statistika əsas üç tələbə cavab verməlidir: ardıcıllıq, uyğunluq və dolğunluq. Eyni zamanda makroiqtisadi statistikanın qarşılıqlı əlaqəliliyi müxtəlif sektorlar və iqtisadi əməliyyatlar arasında, həmçinin müxtəlif ölkələrin iqtisadi əməliyyatları arasıda müqayisə və tədqiqatlar aparmağa imkan verir.
Sonda içtirakçılara iclasın nəticələrini əks etdirən Bəyanat qəbul edilmişdir.