Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Demoqrafik proqnozlaşdırma” mövzusunda təlim kursu keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin baş məsləhətçisi Gülnar Əhmədova və Statistik məlumatların Elmi-Tədqiqat və Layihə - Texnoloji Mərkəzinin Statistik məlumatların ekonometrik təhlili şöbəsinin rəis müavini Səadət Rəhimova cari ilin sentyabr ayının 22-dən oktyabr ayının 1-dək BMT-nin Əhali Fondunun və Rusiya Ali İqtisad Məktəbinin Milli Tədqiqatlar Universitetinin (AİM MTU) dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələri üçün təşkil edilmiş “Demoqrafik proqnozlaşdırma” mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişlər.
Təlim kursunda MDB ölkələrinin (Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan) Milli Statistika xidmətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirliklərinin, Rusiya Elmlər Akademiyasının, BMT-nin Əhali Fondunun nümayəndələri, eləcə də Rusiya Ali İqtisad Məktəbinin Milli Tədqiqatlar Universitetinin və Moskva Dövlət Universitetinin mütəxəssisləri daxil olmaqla ümumilikdə, 30 nəfər iştirak edirdi.
Təlim kursunun məqsədi gələcək illər üçün əhali sayının və demoqrafik proqnozların beynəlxalq standartlara uyğun olaraq hesablanması metodologiyasının öyrənilməsi və praktiki olaraq həmin metodologiyaların milli xüsusiyyətlərə görə həyata keçirilməsindən ibarət idi.
Təlim kursunda məruzəçilər iştirakçılara "Demoqrafik keçid nəzəriyyəsi - müasir demoqrafik proseslərin anlaşılmasının açarıdır", "Demoqrafik keçidin regional xüsusiyyətləri ", "Demoqrafik tədqiqatın əsas anlayışları", "Ölümün modelləri və proqnozlaşdırılması metodları ", "Əhalinin təkrar istehsalının modelləri", "Doğumun modelləşdirilməsi və proqnozlaşdırılması metodları", "Miqrasiya axınlarının modelləşdirilməsi və proqnozlaşdırılması metodları", "Demoqrafik məlumatların ilkin emalı metodları", "Əhali proqnozunun koqort-komponent üsulu ilə hesablanması", "Demoqrafik məlumatların bazası" və "Ev təsərrüfatlarının proqnozlaşdırılması", " İnsan inkişafının nəzəriyyəsi. İnsan potensialının inkişafı indeksləri", "MDB ölkələri və dünya əhalisinin inkişafı perspektivləri" mövzularında ətraflı məlumatlar vermişlər.
Tədbirin sonunda təlim iştirakçılarına Ali İqtisad Məktəbinin Milli Tədqiqat Universiteti və BMT-nin Əhali Fondunun beynəlxalq sertifikatı və Ali İqtisad Məktəbinin Milli Tədqiqat Universitetinin ixtisasartırma vəsiqəsi təqdim olundu.