Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Аzərbаycаndа dеmоqrаfik vəziyyət
İlin əvvəlindən ölkə əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-i vəziyyətinə 9552,5 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olmuşdur. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir, 49,7 faiz kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür.
Cari ilin ilk 8 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açmış və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalmışdır. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmaqla 1986-sı əkiz, 45-i isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalmışdır.
Rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil etmişdir.
2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınmışdır.
Tel: 538-51-43