2014-cü ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

16.10.2014

2014-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 2.5 faiz, yaxud müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 44.1 milyard manata çatmışdır. ÜDM-in 61.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 44.3 faizi sənayedə, 11.9 faizi inşaat kompleksində, 5.4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 31.2 faiz, o cümlədən nəqliyyatın 4.7 faiz, ticarət və pullu xidmətlərin 9.8 faiz, rabitənin 1.7 faiz, sosial və digər xidmətlərin 15.0 faiz təşkil etmişdir. ÜDM-in 7.2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4696.3 manat (5987.9 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 6.0 faiz artmış, neft sektorunda isə 2.0 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 99.4 faiz təşkil etmişdir. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində, 22.3 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1.6 faiz azalmış, emal bölməsində 1.5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4.3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3.6 faiz artmışdır.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.1 milyon ton, əmtəəlik qaz hasilatı 13.8 milyard kub metr təşkil etmişdir.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 2.3 faiz, içki istehsalı 9.2 faiz, tütün məmulatlarının istehsalı 85.3 faiz, geyim istehsalı 50.7 faiz, kimya sənayesi məhsulları istehsalı 21.7 faiz, hazır metal məmulatların istehsalı 8.8 faiz, tikinti materialları istehsalı 19.4 faiz, elektrik avadanlıqların istehsalı 27.0 faiz, mebel istehsalı 10.0 faiz, avtomobil və qoşquların istehsalı 57.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqların istehsalı 79.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 77.9 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 16.1 milyard kvt.saat olmaqla 6.3 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6.0 faiz artmış, neft sektorunda isə 2.0 faiz azalmışdır.
Kənd təsərrüfatı sahəsində kənd əməkçiləri bu dövrdə tarlalardan ilkin çəkidə 2338.3 min ton taxıl (qarğıdalı daxil olmaqla), 808.9 min ton kartof, 1125.0 min ton tərəvəz, 532.4 min ton meyvə və giləmeyvə, 439.9 min ton bostan məhsulları, 106.1 min ton üzüm, 20.4 min ton pambıq, 404.2 ton yaşıl çay yarpağı, 2.2 min ton tütün, 29.1 min ton şəkər çuğunduru, 19.8 min ton dən üçün günəbaxan toplamışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən üçün günəbaxan istehsalı 11.8 faiz, bostan məhsulları istehsalı 2.9 faiz, üzüm istehsalı 1.7 faiz, meyvə və giləmeyvə istehsalı 0.4 faiz artmış, dənli bitkilərin istehsalı 19.3 faiz, kartof istehsalı 17.8 faiz, tütün istehsalı 16.2 faiz, şəkər çuğunduru istehsalı 16.0 faiz, çay istehsalı 14.8 faiz, tərəvəz istehsalı isə 1.1 faiz azalmışdır.
İri buynuzlu mal-qaranın baş sayı 2721.4 min başa, qoyun və keçilərin baş sayı isə 8767.5 min başa çatmış, bu dövrdə 324.9 min ton diri çəkidə ət, 1416.3 min ton süd, 1164.2 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal edilmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1.5 faiz, süd istehsalı 3.6 faiz, yumurta istehsalı 11.6 faiz, yun istehsalı 1.5 faiz artmışdır.
Beləliklə, dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı ötən ilki səviyyədən 3.0 faiz çox, bitkiçilik məhsulları istehsalı 9.0 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 3.7 faiz az olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 449.1 min hektar sahənin torpağını şumlamış, 31.9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
İlin əvvəlindən inşaat kompleksində 11.9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 73.1 faizi və ya 8.7 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 0.2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 8.5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 70.4 faizini daxili investisiyalar təşkil etmişdir. Vəsaitlərin 62.9 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilmişdir.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Doqquz ay ərzində ümumi sahəsi 1459.3 min kv.metr olan yaşayış evləri, 24812 şagird yerlik ümumtəhsil məktəbləri, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 230 çarpayılıq xəstəxana, növbədə 142 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 147 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5.5 milyard manat vəsaitin 4.0 milyad manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 165.0 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.1 faiz çox yük, 1.3 milyard nəfər və ya 5.0 faiz çox sərnişin daşınmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2.7 faiz, hava nəqliyyatı ilə 2.5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 5.1 faiz, metro ilə 4.1 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1.1 milyard manat dəyərində və ya ötən ilin doqquz ayında olduğundan 12.6 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 72.6 faizi bilavasitə əhaliyə göstərilmiş, mobil telefon xidmətindən əldə olunmuş gəlir 7.3 faiz artaraq 671.1 milyon manata çatmış və bütün gəlirlərin 58.8 faizini təşkil etmişdir.
2014-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5.4 faiz artaraq 27.2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 4.0 faiz artaraq 2890.3 manata çatmışdır. Qazanılmış gəlirlərin 70.1 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9.2 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 18.1 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etmişdir. Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2625.7 manat qalmış və müqayisə edilən dövrdə 4.5 faiz artmışdır.
2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.9 faiz artaraq 440.9 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-avqust ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 703.7 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 627.2 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 541.3 manat, informasiya və rabitə sektorunda isə 720.5 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1746.3 manat, qeyri-neft sektorunda 407.9 manat, dövlət bölməsində 356.3 manat, özəl bölmədə 565.5 manat təşkil etmişdir.
Doqquz ay ərzində əhali istehlak bazarından 15.5 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 4.8 milyard manat ödəmişdir. 2013-cü ilin yanvar-sentybr ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.4 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3.2 faiz, qeyri-ərzaq mallarının satışı 15.9 faiz, pullu xidmətlərin həcmi 6.4 faiz artmışdır. 2014-cü ilin yanvar-sentyabr aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 4137.0 min manatlıq qeyri-ərzaq malları və 224.3 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 9.7 faiz azalaraq 21.0 milyard dollar təşkil etmiş, 91.1 faizi və ya 19.1 milyard dolları uzaq xarici dövlətlərlə, 1.9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Səkkiz ay ərzində ölkəmizdən xarici ölkələrə 15.4 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 96.3 faizi və ya 14.8 milyard dollarlığı uzaq xarici dövlətlərə, 562.9 milyon dollarlığı və ya 3.7 faizi MDB üzvü ölkələrinə göndərilmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5.6 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4.3 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.3 milyard dollar olmuşdur.
Səkkiz ay ərzində 9.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 10.5 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 747.5 milyon dollarlıq mənfi saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı yanvar-avqust aylarında 1.1 milyard dollar olmuşdur.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 27.6 milyard dollar (o cümlədən ixrac 22.0 milyard dollar) təşkil etmiş və müsbət saldo 16.4 milyard dollar olmuşdur.
Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.4 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 12.4 milyard manat həcmində vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 11.5 milyard manat vəsait xərclənmiş, 938.4 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.4 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 5.0 milyard manatı və ya 43.9 faizi iqtisadiyyatın inkişafına, 1.3 milyard manatı (11.1 faizi) təhsilə və səhiyyəyə, 1.3 milyard manatı (11.2 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabr ayının 1-i vəziyyətinə 17.3 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 19.7 faiz artmışdır. Kreditlərin 13.7 milyard manatı uzun müddətə, 3.6 milyard manatı isə qısa müddətə verilmiş, 5.4 faizinin, yaxud 938.8 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz artaraq sentyabr ayının 1-nə 7.0 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 4.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.6 milyard manat olmuşdur.
Manatın məzənnəsi. Sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0.78 manat, 1 Avroya 1.01 manat, 100 Rusiya rubluna 2.07 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.06 və 2.21 manat təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-sentyabr ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-sentyabr ayları 2013-сü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-sentyabr ayları 2012-сi ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 44 145,4 102,5 105,4
o cümlədən qeyri-neft ÜDM-si 25 554,5 106,0 110,4
Sənaye məhsulu 25 244,6 99,4 100,9
o cümlədən qeyri-neft sənayesi 5 243,7 106,0 102,9
Əsas kapitala yönəldilmiş vəsaitlər 11 868,5 100,2 119,0
o cümlədən qeyri-neft sektoruna 7 462,4 88,8 116,4
Kənd təsərrüfatı məhsulu 4 308,3 96,3 104,9
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 165,0 102,1 102,8
o cümlədən qeyri-neft yüklərinin daşınması 117,5 103,3 106,4
İnformasiya və rabitə xidmətləri 1 140,5 112,6 107,1
Pərakəndə ticarət dövriyyəsi 15 470,7 109,4 109,6
Əhaliyə göstərilən pullu xidmətlər 4 761,0 106,4 107,2
Dövlət büdcəsinin gəlirləri 12 407,3 x) 96,3 xx) 117,3 xxx)
Dövlət büdcəsinin xərcləri 11 468,9 x) 98,7 xx) 119,5 xxx)
Dövlət büdcəsinin profisiti 938,4 - -
Əhalinin gəlirləri 27 168,6 105,4 107,6
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2 890,3 104,0 106,2
Orta aylıq əmək haqqı, manat 440,9 x) 105,9 xx) 107,0 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,5 102,3
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 27 606,3 x) 94,2 3) х
o cümlədən:
ixrac 21 992,7 x) 99,3 3) х
ondan qeyri-neft məhsulu ixracı 1 102,9 x) 97,2 3) 112,3 4)
idxal 5 613,6 x) 78,3 3) 116,6 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 20 964,6 x) 90,3 3) 109,5 4)
o cümlədən:
ixrac 15 351,0 x) 95,7 3) 106,8 4)
idxal 5 613,6 x) 78,3 3) 116,6 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-avqust ayları 2013-cü ilin yanvar-avqust aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-avqust ayları 2012-ci ilin yanvar-avqust aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-avqust ayları;
xx) 2014-cü ilin yanvar-avqust ayları 2013-cü ilin yanvar-avqust aylarına nisbətən;
xxx) 2013-cü ilin yanvar-avqust ayları 2012-ci ilin yanvar-avqust aylarına nisbətən.