Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Enerji Agentliyinin təlim kursu təşkil edilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Sənaye və tikinti statistikası şöbəsinin baş məsləhətçisi Nərgiz Babayeva Beynəlxalq Enerji Agentliyi tərəfindən 2014-cü il 6-10 oktyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində təşkil edilmiş təlim kursunda iştirak etmişdir.
Tədbirdə Avstraliya, Azərbaycan, Almaniya, Belçika, Bolqarıstan, Qana, Danimarka, Çili, Çin, Xorvatiya, Hindistan, İndoneziya, İzrail, İtaliya, Koreya, Kuveyt, Macarıstan, Namibiya, Nepal, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Filippin, Tunis, Türkiyə, Fransa olmaqla, 26 ölkədən 34 nümayəndə iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd enerji statistikasının təkmilləşdirilməsi üçün enerji statistikası ilə bilavasitə məşğul olan statistikləri cəlb etməklə, onlara daha qabaqcıl təcrübələrin verilməsi, uyğun metod və üsulların tətbiqi üçün əlavə imkanların yaradılması və üstün metodologiyaların işlənməsi olmuşdur.
Təlim kursları Beynəlxalq Enerji Agentliyinin sorğularının doldurulmasında iştirak edən milli təşkilatların enerji məhsulları üzrə məlumatların toplanmasına cavabdeh olan statistiklər üçün nəzərdə tutulmuşdur və ümumi məlumat, mövqe və məqsədlər, illik və aylıq sorğular, məlumat istifadəçilərinin perspektivləri, məlumatların toplanması, praktiki məşğələlərlə keyfiyyətin qiymətləndirilməsi texnikası mövzularını əhatə edirdi.
Tədbirin ilk günü məruzəçilər tərəfindən enerji məhsullarının hərəkəti ilə bağlı operativ və illik məlumatların hasilatı və qiymətinin tənzimlənməsindəki rolundan danışılmış və “Fransada Energetika statistikası: tələblər və imkanlar” barədəki hesabat iştirakçılara təqdim edilmişdir.
Tədbir çərçivəsində BEA-nın nümayəndəsinin iştirakı ilə qabaqcıl təcrübələri və praktiki statistik aspektləri əhatə edən bir neçə növ məhsul (xam neft, qaz, odun) üzrə balansdan, məlumatların toplanması və modelləşdirilməsi və onların enerji balansına tətbiq edilməsindən bəhs edilmişdir.
Sonuncu gün tədbirin gündəliyinə uyğun olaraq BEA-nın icraçı direktoru Maria van Hoven təlim seminarların əhəmiyyətindən bəhs etmiş, beynəlxalq səviyyədə əməkdaşlıq və digər təcrübələr haqqında məlumatlar vermişdir.
Tədbirin sonunda agentliyin nümayəndəsi tərəfindən “Enerji səmərəliliyi üzrə tövsiyələr” adlı yeni vəsaitin ingilis dilində son versiyası iştirakçılara təqdim edilmişdir.