Çexiya Statistika İdarəsində “İstehsal olunmayan qeyri-maliyyə aktivlərinin uçota alınması” mövzusunda seminar keçirilmişdir

30.10.2014

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Çexiyanın Statistika İdarəsi arasında təcrübə mübadiləsinə dair əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən cari il oktyabrın 06-dan - 09-dək Çexiyanın Statistika İdarəsində təlim kursu keçirilmişdir. Təlim səfərində Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunun müdiri R.Mirzəyev və sektorun aparıcı məsləhətçisi A.Alpaşayeva, istehsal olunmayan qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi sahəsində işlərin təşkili və hesablamaların aparılması məqsədilə Dövlət Statistika Komitəsinin nəzdində yaradılmış işçi qrupun üzvləri olan Dövlət Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri (4 nəfər) iştirak etmişlər.
Təlim səfərinin əsas məqsədi Çexiya Statistika İdarəsinin istehsal olunmayan qeyri-maliyyə aktivlərinin (yeraltı yataqlar, torpaq, meşə, su ehtiyatları və s.) uçota alınması və fasiləsiz inventarlaşdırma metodu ilə əsas kapitalın istehlakının hesablanmasına dair təcrübəsinin öyrənilməsi olmuşdur.
Təlim səfəri zamanı Çexiya Milli hesablar sistemi, məlumatların toplanması və işlənilməsi, istehsal olunmayan qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi, “Fasiləsiz inventarlaşdırma” (PIM) metodu ilə əsas kapitalın istehlakı göstəricisinin hesablanması kimi mövzular müzakirə olunmuşdur.
Seminarın əvvəlində Çexiya Statistika İdarəsində Milli hesablar şöbəsinin vəzifələri, funksiyaları, strukturu və işçilərinin sayı barədə məlumat verilərək şöbədə aparılan işlər, iş bölgüsü, məlumatların hazırlanmasının ardıcıllığı və müddətlərinə dair suallar cavablandırılmışdır. Bildirilmişdir ki, Çexiyada Milli hesablar sistemi MHS-2008-in analoqu olan 2010-cu ilin Avropa Hesablar Sistemi (AHS-2010) tətbiq edilir.
Seminarda istehsal olunmayan qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi sahəsində ikitərəfli müzakirələr aparılmışdır. Məlumat verilmişdir ki, Çexiya Statistika İdarəsinin Milli hesablar şöbəsi istehsal olunmayan qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsinə 2012-ci ildən başlamışdır.
Çexiya Statistika İdarəsində ölkənin torpaq ehtiyatları iqtisadi rayonlar və aşağıdakı növlər üzrə qiymətləndirilir. Faydalı qazıntılar haqqında məlumatlar (koks və daş kömür) qazıntının həcmi və qiyməti əsasında müəyyənləşdirilir. Çexiya Statistika İdarəsi beynəlxalq metodologiyaya uyğun olaraq faydalı qazıntının dəyərinin qiymətləndirilməsini yataq üzrə gözlənilən hasilat əsasında həyata keçirir.
Tədbirdə nümayəndələrimiz tərəfindən Dövlət Statistika Komitəsində əsas kapitalın istehlakı göstəricisinin hesablanması üzrə aparılan işlər, mövcud olan məlumat mənbələri, hesablama qaydalarına dair məlumatlar verilmiş və bildirilmişdir ki, hesablamaların aparılması üçün əsas vəsaitlərin “bina və qurğular”, “maşın və avadanlıqlar” və “digər əsas vəsaitlər” növləri bölgüsündə, iqtisadi fəaliyyət növləri üzrə investisiya qoyuluşlarının cari və müqayisəli qiymətlərlə 1955-2012-ci illəri əhatə edən dinamika sıraları hazırlanmışdır.
Dövlət Statistika Komitəsində hesablanmış dinamika sıraları Çexiya Statistika İdarəsində əsas kapitalın istehlakı göstəricisinin hesablanması üçün istifadə edilən proqram təminatına daxil edilərək ilkin hesablamalar aparıldı.
Seminarın sonunda Çexiya Statistika İdarəsinin Milli hesablar şöbəsinin müdiri və mütəxəssisləri fasiləsiz inventarlaşdırma PIM metodunun tətbiqi və milli hesabların digər məsələləri üzrə Dövlət Statistika Komitəsinin mütəxəssisləri ilə əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirmişlər.