Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Cenevrə şəhərində “Atmosfer havasının göstəricilərinə dair” seminar, “Ekoloji göstəricilərə dair” və “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupların sessiyaları keçirilmişdir
Cari il noyabr ayının 3-dən 7-dək Cenevrə şəhərində “Atmosfer havasının göstəricilərinə dair” seminar, “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 9-cu və “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupun 15-ci sessiyaları keçirilmişdir.
Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Finlandiya, Serbiya, Bosniya və Herseqovinanın, Ətraf Mühit üzrə Avropa Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, Mərkəzi Asiya və Moldovanın Regional Ekoloji Mərkəzlərinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasını bu tədbirlərdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri Rəna Lazımova təmsil etmişdir.
“Atmosfer havasının göstəricilərinə dair” seminarda iştirakçı ölkələrdə atmosfer havasına dair mövcud göstəricilər müzakirə olunmuşdur. Müzakirələr şəhər yerlərində havanın keyfiyyəti, atmosfer havasına çirkləndirici maddələrin atılması, ozondağıdıcı maddələrin istehlakı, istilik effekti yaradan qazların atılmasına dair göstəricilər ətrafında aparılmışdır.
“Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 9-cı sessiyası “ŞAQMA ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”də əks etdirilmiş 8 göstəricinin (atmosfer havasına çirkləndirici maddələrin atılması, şəhər yerlərində atmosfer havasının keyfiyyəti, ozondağıdıcı maddələrin istehlakı, istilik effekti yaradan qazların atılması, çaylarda ammoniumum konsentrasiyası və oksigenə biokimyəvi tələbat, şirin sudakı biogen maddələr, mühafizə olunan ərazilər, tullantıların əmələ gəlməsi) hər birinin qısa məzmunu, ölçü vahidi, metodologiyası, internet səhifələrində yerləşdirilməsi məsələlərinə həsr olunmuşdur. Sessiyada hər bir ölkə səkkiz göstəricidən üçü, eləcə də bu göstəricilərin hazırlanması və yayılması sahəsindəki inkişafla bağlı təqdimatlar keçirilmişdir.
Dövlət Statistika Komitəsinin nümayəndəsi R.Lazımova tərəfindən Azərbaycanın atmosfer havasına çirkləndirici maddələrin, istilik effekti yaradan qazların atılması və şirin sudakı biogen maddələri əks etdirən göstəricilərə dair informasiya təqdim edilmişdir. Təqdimatda bildirilmişdir ki, qeyd olunan göstəricilər üzrə məlumatlar tələb olunan formatda hazırlanmış və xüsusi bölmə kimi azərbaycan və ingilis dillərində Dövlətstatkomun internet səhifəsində yerləşdirilmişdir.
Katiblik tərəfindən “Tövsiyələr”də əks olunmuş və toplanılması artıq başa çatmış səkkiz göstəricidən əlavə 14 yeni göstərici baxılmaq üçün sessiya iştirakçılarına təqdim edilmişdir.
“Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupun 15-ci sessiyasında milli ekoloji monitorinq üzrə son bir ildə görülən işlər, ekoloji göstəricilər əsasında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsinə dair məruzələrin hazırlanması, ekoloji informasiyanın daha səmərəli yayılması üçün müasir texnologiyalardan istifadə edilməsi məsələlərinə baxılmışdır.