BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə Lyuksemburq şəhərində təşkil edilmiş “Uşaq hüquqlarının sosial müdafiəsinə dair” tədbirin yekunları haqqında

24.11.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və Xidmət statistikası şöbəsinin aparıcı məsləhətçisi Arzu Orucova Avropa və Mərkəzi Asiya ölkələrinin Statistika üzrə mütəxəssislərinin 10-cu görüşünün işçi proqramına uyğun olaraq BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2014-cü il 10-11 noyabr tarixlərində Lyuksemburq şəhərində təşkil edilmiş “Uşaq hüquqlarının sosial müdafiəsinə dair” tədbirdə iştirak etmişlər.
Tədbirə MDB ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Ermənistan), eləcə də Albaniya, Gürcüstan, Türkiyə, Estoniya, Latviya, Bolqariya, Bosniya və Herseqovina, Xorvatiya, Çex Respublikası, Macarıstan, Makedoniya, Monteneqro, Rumıniya, Serbiya və Slovakiya statistika orqanlarının, MDB Statistika Komitəsinin, Avropa Əlillər Forumu, Açıq Cəmiyyət Fondu, Vaşinqton qrupu və Avropa Statistika Bürosunun (Avrostat) mütəxəssisləri dəvət olunmuşdu. Ümumilikdə tədbirdə 47 nəfər iştirak edirdi.
Tədbirin əsas məqsədi Milli Statistika xidmətlərinin mütəxəssislərinin işinin daha da gücləndirilməsi, uşaqların sosial rifahı sahəsində milli göstəricilərin keyfiyyətinin təkmilləşdirilməsi, TransMonEE məlumat bazası vasitəsi ilə Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində və onlardan kənarda istifadəçilərin və qərar qəbul edən şəxslərin etibarlı və müqayisə oluna biləcək göstəricilərdən istifadəsini asanlaşdırmaq olmuşdur.
Tədbirdə ilk olaraq, Şərqi Avropa, Mərkəzi Asiya və MDB ölkələri üzrə regional məsləhətçi xanım Lori Bell tərəfindən TransMonEE-nin müzakirə olunacaq mövzuları və iştirakcıların təqdimatları barədə qısa məlumat verildi.
Günün ikinci yarısı Əlillik statistikası üzrə Vaşinqton qrupunun nümayəndəsi Mitçell Loeb çıxış edərək qeyd etdi ki, uşaq əlilliyi üzrə məlumatların düzgün toplanması üçün ən əlverişli üsul seçmə üsuludur və həmin məlumatların düzgünlüyünə 6 sualın (eynək geysəniz belə görməkdə, eşitməkdə, gəzərkən, yaxud pilləkənləri çıxarkən, özünüzə qulluq edərkən, öz ana dilinizdə danışarkən çətinlik çəkirsinizmi və yaddaşınızda probleminiz varmı) köməyi ilə nail olmaq mümkündür.
Çıxışdan sonra bu suallar ətrafında geniş müzakirələr aparıldı və ölkə nümayəndələri öz fikirlərini bildirdilər. Müzakirələr zamanı nümayəndəmiz Rza Allahverdiyev tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlillərlə bağlı statistik məlumatlar rəsmi statistika hesabatı formalarında öz əksini tapmışdır və həmin məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri tərəfindən təqdim olunur.
Tədbirin ikinci günü Şərqi Avropa, Mərkəzi Asiya və MDB ölkələri üzrə regional məsləhətçi Lori Bell gündəlikdə olan mövzular barədə iştirakçılara məlumat vermişdir.
Mövzularla bağlı UNİCEF-in TransMonEE məlumat bazasının məsləhətçisi Virjiniya Kruysen, Şərqi Avropa, Mərkəzi Asiya və MDB ölkələrinin monitorinq və qiymətləndirmə üzrə regional mütəxəssisi Sirac Mahmudlu, TransMonEE məlumat bazasının inkişafı üzrə məsləhətçisi Flavio Byankoni və UNİCEF-in Region üzrə rəhbəri Fabio Sabatini məruzə etdilər.
Bütövlükdə, tədbirin işi iştirakçılar tərəfindən müsbət qiymətləndirildi və tədbirin təşkilatçıları region ölkələrinin TransMonEE məlumat bazasında nəzərəçarpacaq dərəcədə irəliləyişlərin olacağına ümid etdilər.